Azərbaycanın Malayziyadakı səfirliyi tələbələr üçün iftar süfrəsi açıb

Tokio, 18 aprel , /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyi Ramazan ayı günlərində bu ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan MARA Texnologiya Universitetinin (UiTM) tələbələri üçün iftar süfrəsi açıb.
AJMEDIA xəbər verir ki, universitetin beynəlxalq əməkdaşlıq departamenti ilə birgə təşkil olunmuş aksiya bu ali təhsil müəssisəsinin “Kristal Residential” kollecində keçirilib.
UiTM-nin beynəlxalq əlaqələr departamentinin direktoru Dr.Haca Zeynəb Mohd Nur tədbirlə bağlı universitetin informasiya resurslarında yaydığı açıqlamada belə birgə aksiyanın keçirilməsindən məmnunluğunu ifadə edərək, iftar süfrəsinə müsəlman və qeyri-müsəlman tələbələrin dəvət olunduğunu, tədbirin əsl həmrəylik, dostluq, qardaşlıq və xeyirxahlıq kimi universal dəyərlər fonunda baş tutduğunu bildirib. Direktor deyib: “Ramazan xeyirxahlıq, başqaları ilə bölüşmək və onlara qayğı göstərmək üçün xüsusi zaman kəsiyidir. Bu müqəddəs ay ailələri, qonşuları və icmaları bir-birinə yaxınlaşdırır. Bu axşamkı iftar süfrəsində biz sülh və harmoniyanın gələcəyi üçün dua edəcəyik. Qoy Allah öz mərhəmətini və səxavətini bizdən əsirgəməsin! Bu tədbir bizə ölkə sərhədləri daxilində və sərhədlərimizdən kənarda öz bəşəri məsuliyyətimizi yada salır”.
Həmçinin Dr.Haca Zeynəb Azərbaycan səfirliyinin UiTM üçün olduqca dəyərli tərəfdaşa çevrildiyini vurğulayıb. Belə birgə tədbirlərin digər müsbət cəhətləri ilə yanaşı, Azərbaycan və Malayziyanın ali təhsil müəssisələri arasında səmərəli əlaqələri və strateji tərəfdaşlıq münasibətlərini təşviq etdiyini bildirib.
Qeyd edək ki, hazırda UiTM-də 160 min nəfərdən çox tələbə müxtəlif proqramlar üzrə təhsil alır. UiTM-nin beynəlxalq əməkdaşlıq departamentindən verilən məlumata görə, yerli tələbələrlə yanaşı Asiya, Avropa, Afrika və Cənubi Amerikadan olmaqla 40 ölkədən əcnəbi tələbələr bu elm ocağında təhsillərini davam etdirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts