Azərbaycanın İrandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

Tokio, 25 aprel , /AJMEDIA/

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycanın İrandakı səfirliyində yerli mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.
AJMEDIA xəbər verir ki, Ağdamın Cümə məscidində azanın səsləndirilməsi və Şuşa şəhərinin videogörüntüləri ilə açılan iftar mərasimində çıxış edən İrandakı səfirimiz Əli Əlizadə Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu vurğulayıb. Səfir işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ramazan günlərində ibadət üçün lazımi şərait yaradıldığını, ermənilər tərəfindən dağıdılan 65 məscid, ziyarətgah və dini abidələrimizin yenidən bərpa olunduğunu, yeni təməllərin qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini və təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin cari ildə 270 illiyinin qeyd olunduğunu xatırladıb. Bildirib ki, hazırda Şuşa şəhərində 3 məscid bərpa olunur və bir yeni məscidin şəhərin ən uca yerində təməli qoyularaq tikintisinə başlanılıb. Əli Əlizadə görülən bu işlərin Azərbaycanın tarixi torpaqlarının işğalı zamanı dağıdılmış mədəni-dini abidələrin bərpasına göstərilən diqqətlə yanaşı, eyni zamanda, Azərbaycanın İslam dəyərlərinə verdiyi önəmin təzahürü olduğunu bildirib. Səfir Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi gününün yeni tariximizə Zəfər Günü kimi həkk olunduğunu vurğulayaraq 28 ildən sonra müqəddəs Ramazan ayı fəzilətlərinin və bərəkətlərinin doğma Şuşamıza, Qarabağımıza qayıtdığını, Ramazan bayramının Azərbaycanın bu tarixi ərazilərində bu il də qeyd olunacağını bildirib.
O, iftar mərasiminin təsadüf etdiyi 24 aprelin 2018-ci ildən Azərbaycanın, İranın və Qoşulmama Hərəkatına digər üzv ölkələrin təşəbbüsü ilə “Çoxtərəflilik və Sülh naminə diplomatiya Beynəlxalq Günü” kimi təsis olunduğunu da qeyd edib. Bu tarixin Qoşulmama Hərəkatı tərəfindən ölkələr arasında əməkdaşlığın, qarşılıqlı hörmətin, sülh və həmrəyliyin təşviqi üçün təsis edildiyini və Ermənistandan fərqli olaraq Azərbaycanın həmişə olduğu kimi regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində diplomatik səylərini davam etdirdiyini vurğulayıb.
Səfir iftar süfrəsinin də həmrəyliyi və İslam dəyərlərinin ucalığını bir daha nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək olduğunu bildirib.
Mərasimdə “Asiya news” xəbər agentliyinin baş redaktoru İrəc Cəmşidi, “Səhər” televiziya kanalının redaktoru Yunis Rastqarniya, Tehran Mədəniyyət Radiosundan Sümayə Nəcəfi və başqaları çıxış edərək dəvətə və mətbuat nümayəndələrinə göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və orada mədəni-dini abidələrin bərpası ilə bağlı sevinclərini bölüşüb və bu müqəddəs ayda bir araya toplanıb səmimi söhbətin aparılmasının əhəmiyyətli olduğunu bildiriblər.
Sonda səfir Əli Əlizadə yerli televiziya kanallarına müsahibə verib, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts