Azərbaycanda ilk qəhvə festivalı – “Coffest”

Tokio, 16 oktyabr , /AJMEDIA/

Azərbaycanda ilk qəhvə festivalı – “Coffest” Ağ Şəhərdə 30-dan çox kofeşop, həm yerli, həm də xarici qəhvə şirkətləri, 3 incəsənət mərkəzi də daxil olmaqla bütün qəhvəsevərləri bir araya toplayaraq, əsl bayram ab-havası yaradıb.
AJMEDIA xəbər verir ki, Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyon dəvətə görə təşkilatçılara minnətdarlığını bildirərək, paytaxt sakinlərin bu günlərdə keçirilən qəhvə festivalından zövq almağa çağırıb: “Bildiyimiz kimi Azərbaycanda çay mədəniyyəti çox geniş yayılıb, amma niyə qəhvə mədəniyyəti də yayılmasın? Gündə bir neçə fincan qəhvə içmək sağlamlığınız üçün çox faydalı ola bilər. Düşünürəm ki, festivalın Bakıda keçirilməsi çox yaxşı bir təşəbbüsdür. Bu tədbirə hər yaş dövründən insanlar, gənclər, uşaqlar, qocalar maraq göstərirlər. Hər kəs kafenin tamından və iştirakçısı olduqları mədəni tədbirdən zövq ala bilər”, – deyə diplomat qeyd edib.
Festivalda qəhvə mədəniyyətinin geniş yayıldığı Kuba, Venesuela, Kolumbiya, Argentina və digər xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri böyük həvəslə iştirak ediblər. Festivalın məqsədi Bakının gözəl yerlərindən biri olan Ağ Şəhəri bir daha xarici qonaqlara, səfirliklərə və yerli sakinlərə tanıtmaq, Azərbaycanda qəhvə mədəniyyətini inkişaf etdirməkdir. Bu tip festivalların ölkə daxilində tez-tez təşkil olunması və qəhvəyə olan sevginin artması prioritet məsələlərdən biridir. Bakı sakinləri və şəhərimizin qonaqları dörd gündür davam edən bu festivalda asudə vaxtlarını xoş və mənalı keçirir, musiqidən həzz alır, həmçinin ləziz mətbəx və qəhvədən dadırlar. Bu onlarda xoş təəssüratlar yaradır.
Tədbir kubalı müğənni Yanssel Kastelonun ifasında Latın Amerikası musiqisinin sədaları altında davam edib.
Qeyd edək ki, festivala oktyabrın 16-da yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts