Azərbaycan və Vyetnamın regionları arasında işgüzar əlaqələr müzakirə olunub

Tokio, 14 may , /AJMEDIA/

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Vyetnamda keçirilən tədbirlər çərçivəsində Azərbaycan nümayəndələri ölkənin Ha Zianq bölgəsinə səfər edib.
AJMEDIA xəbər verir ki, səfər zamanı bölgənin rəhbərliyi ilə görüş keçirilib. Vyetnamda səfərdə olan Azərbaycanın Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının üzvlərinin də iştirak etdiyi görüşdə Vyetnamın bu əyaləti ilə əməkdaşlığın genişlənməsi, o cümlədən iş adamları arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.
Hazianq əyaləti Xalq Komitəsi Sədrinin müavini Tran Duc Quy iki ölkənin regionları və sahibkarları arasında əlaqələrin yaradılması istiqamətində ilk dəfə olaraq belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb, təmsil etdiyi əyalətin iqtisadi potensialı, xarici ticarət əlaqələri haqqında məlumat verib.
Azərbaycanın Vyetnamdakı səfir Şövqi Mehdizadə iki ölkənin yüksək səviyyədə inkişaf edən siyası münasibətlərinə toxunaraq, burada xüsusi olaraq Azərbaycan və Vyetnamın regionları və işgüzar dairələri arasında əməkdaşlığın ölkələrimizin münasibətlərinin dərinləşməsinə öz əvəzolunmaz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. İşgüzar dairələr arasında əməkdaşlıq baxımından Azərbaycanın qadın iş adamlarının Vyetnama ilk səfərinin əhəmiyyəti vurğulanıb.
Səfir Ş.Mehdizadə bu səfərin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubiley dövrünə təsadüf etdiyini, görkəmli dövlət xadiminin Vyetnama böyük rəğbət bəslədiyini, Heydər Əliyevin keçmiş Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnama səfər etdiyini xatırladıb.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva iki ölkə arasında siyasi etimadın və qarşılıqlı hörmətin müxtəlif sahələrdə, o cümlədən işgüzar dairələrin əməkdaşlığına geniş imkanlar açdığını vurğulayıb.
Hazianq əyalətinin biznes assosiasiyalarının, şirkətlərin nümayəndələrinin də iştirak etdikləri görüşdə tekstil, turizm, əczaçılıq, qida emalı sektorları üzrə potensial əməkdaşlığa dair təkliflər irəli sürülüb.
Görüşün sonunda əyalət rəhbərliyi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təbriklərini ifadə edərək, iki ölkə arasında dostluğun bünövrəsini məhz milli liderlər Heydər Əliyev və Ho Şi Min tərəfindən qoyulduğunu vurğulayaraq, bununla bağlı ictimaiyyətin, xüsusilə gənc nəslin daim məlumatlandırılması vacibliyini qeyd edib. Əyalət rəhbərliyi Heydər Əliyev Fondunun Ziap Çunq kəndində inşa etdirdiyi məktəbə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts