Azərbaycan və Qazaxıstanın Daxili İşlər nazirlikləri arasında memorandum imzalanıb

Tokio, 22 fevral , /AJMEDIA/

Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-də ölkəmizə iki günlük rəsmi səfərə gəlib.
Bu barədə AJMEDIA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Həmin gün Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Vilayət Eyvazov bu səfərin iki dost ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladıb. Nazir hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
Polis general-polkovniki Marat Axmetjanov ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərinin bu məqsədə xidmət etdiyini bildirib.
Sonra nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında Memorandum”u imzalayıblar.
Qəbulda ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və Azərbaycan Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi Ənvər Zöhrabbəyli iştirak ediblər.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və “102 – Zəng Mərkəzi”nə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts