Azərbaycan və ABŞ innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığa başlayır

Tokio, 12 Oktyabr, /AJMEDIA/

İnnovasiyalar Agentliyi və ABŞ-ın Starta Vençur Kapital Fondu innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığa başlayır.

Agentlikdən AJMEDIA-ya bildirilib ki, yeni əməkdaşlıq platformasının məqsədi ABŞ-ın biznes ekosisteminə inteqrasiya edə biləcək yerli innovasiya ekosisteminin potensialının artırılmasıdır.

Məlumat üçün bildirmək istəyirik ki, İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində anlaşma memorandumu imzalanıb. Yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramlarının həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə Vençur Fondun yaradılmasını təmin edəcək.

Virtual imzalanma mərasimində anlaşma memorandumunu Agentliyin İdarə Heyətinin sədri Tural Kərimli və Fondun direktoru Gabriel Arant imzalayıblar.

Tural Kərimli bugünkü imzalanma mərasimi haqqında bildirib: “Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın Akselerasiya proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta, eyni zamanda, potensial layihələrə ilkin investisiya yatırmaqla yanaşı, Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından köməklik göstərəcəkdir”.

Görüşdə Starta Vençur Kapital Fondunun yeni bazarların inkişafı Akselerator proqramının rəhbəri və meneceri Renat Khariullin və İnvestisiya analitiki Qüdrət Quliyev iştirak ediblər.

İnnovasiyalar Agentliyi – yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci il 6 noyabr tarixli Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı-YT Park” MMC-nin əsasında nazirliyin tabeliyində formalaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts