Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri tərəflərin potensialına uyğun artırılmalıdır

Tokio, 5 aprel , /AJMEDIA/

Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri tərəflərin potensialına uyğun artırılmalıdır.

AJMEDIA Pakistanın “ProPakistani” saytına istinadla xəbər verir ki, bu fikri Pakistanın ticarət naziri Camal Kamal Xan Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə görüşündə səsləndirib. O bildirib ki, hər iki ölkə arasında tarixi, siyasi və iqtisadi əlaqələr mövcuddur.

“Əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əgər Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar həcmində ixrac həyata keçirmişdisə, 2022-2023-cü illərdə bu rəqəm 12 milyon dolları ötüb. Pakistan Azərbaycana əsasən gübrə ixrac edib”, – deyə Pakistanın ticarət naziri bildirib.

Nazir əlavə edib ki, ölkələr arasında imzalanmış Ticarət Sazişi üzrə birgə layihələr işlənib başa çatdırılıb.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycandan Pakistana maye qazın ixracının bərpa edildiyini və informasiya texnologiyaları sahəsində qarşılıqlı sərmayə yatırımının səmərəliliyini vurğulayıb.

Səfir yüksək səviyyəli səfərlərin intensivliyinin vacibliyini və Türkiyə ilə birlikdə üçtərəfli əməkdaşlığın əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Nəzərə çatdırılıb ki, Azərbaycan Pakistandan idxal etdiyi düyünu 2027-ci ilə kimi gömrük vergisindən azad edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts