Azərbaycan ilə Çin arasında turizm sahəsi yüksələn xətlə inkişaf edir

Tokio, 14 aprel , /AJMEDIA/

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ümumiyyətlə, turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər, dostluq əlaqələri yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında turizm mütəxəssisi Ruslan Şərifov deyib.
O qeyd edib ki, Azərbaycan turistlər arasında maraqla qarşılanan ölkələrindən biridir. Respublikamızın bütün regionları turizm baxımdan əlverişli imkanlara malikdir. Zəngin təbiəti, coğrafi mövqeyi, ən əsası qədim tarixə malik olması xarici turistlərin ölkəmizə axınını son zamanlarda daha da artırıb: “Pandemiya şəraitinin yaranması, COVID-19-un ölkələr arasında sürətlə yayılması dünya ölkələrində olduğu kimi Azərbaycanda da turizm sahəsində bir müddət ara verməyə səbəb olmuşdu. Bütün bunlara baxmayaraq, postpandemiya dövründə ölkəmizə turist axını yüksək sürətlə artmaqdadır”.
Turizm mütəxəssisi turizm sektorunda hazırda fəallığın hiss olunduğunu, dünyanın hər yerindən, o cümlədən uzaq Çindən ölkəmizə turistlərin üz tutmasının sevindirici hal olduğunu qeyd edib. Bu il Çindən gələn ilk turist qruplarının Azərbaycana səfəri baş tutub. Turistlərin Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər, Xəzər dənizinin sahilində nəhəng bir qayanın üzərində tikilmiş Qız Qalası, Qobustan qayalıqları, Şamaxı tarixi abidələri, Bakıdan 305 kilometr məsafədə yerləşən Şəki şəhəri – Şəki Xan sarayı, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən “Gələrsən-görərsən” qalası kimi gözəl guşələrimizə səfərləri baş tutacaq. Uzaq Şərq ölkəsi olan Çindən gələn bu turist qrupunun üzvləri səfərin onlarda dərin təəssürat doğuracağına əminliklərini ifadə ediblər.
“Növbəti illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli Ordumuzun gücü sayəsində düşmən işğalından azad olunmuş ərazilərimizdə yaradılacaq turizm zonalarına da səfərlərin keçirilməsi nəzərdə tutulub. Bir çox ölkələrdən gələcək turistlərin bu səfərlərdən razı qalacaqlarına əminik. Vətənimiz Azərbaycana gəlmiş çinlilərin gələcək zamanda həmin bölgələrə səfərinin təşkili nəzərdə tutulub”, – deyə R.Şərifov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts