Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi qeyd edilib

Tokio, 26 may , /AJMEDIA/

Mayın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti təqdim edilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə qonaqlar Uşaq Filarmoniyasının foyesində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirə çıxış edən mədəniyyət naziri Anar Kərimov Uşaq Filarmoniyasının ötən illər ərzində keçdiyi yola nəzər salıb: “Mədəniyyətimiz bizim üçün daha dərin məfhum olaraq strateji bir istiqamətdir. Bu bizim cəmiyyətimizin uğurlu inkişafında rol oynaya biləcək, eləcə də yeni nəsillərin tərbiyə edilməsi və inkişaf etdirilməsində önəmli olan bir sahədir. Bu səbəbdən də mədəniyyət sahəsində çalışan insanlara qayğı göstərməliyik”.
Bunun dövlətimizin siyasətinin təməlində duran bir prinsip olduğunu qeyd edən nazir ulu öndər Heydər Əliyevin bu prinsipə önəm verərək mədəniyyət sahəsinə, eləcə də bu sahədə çalışan işçilərə, incəsənət xadimlərinə böyük qayğı göstərdiyini, bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini vurğulayıb.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivini 30 illik yubiley münasibətilə təbrik edən nazir onlara öz xoş arzularını çatdırıb və hamını qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bütün qonaqları salamlayan Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva ötən müddət ərzində qazanılmış uğurlardan söz açıb.
Sonra filarmoniyanın mədəni həyatında xüsusi rolu olan əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
Yubiley münasibətilə hazırlanmış konsert proqramında filarmoniyada fəaliyyət göstərən bütün dərnəklər – rəqs kollektivləri, teatr, rəsm, vokal, xor dərnəkləri, eləcə də uşaq xalq çalğı alətləri ansamblı çıxış edib.
Proqram rəqs kollektivinin ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayıb. Daha sonra bir-birinin ardınca Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar səsləndirilərək, rəqs nömrələri təqdim olunub.
Tədbirdə “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts