Azərbaycan Bəstəkarlar İttifaqı Ulu Öndərin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib

Tokio, 18 oktyabr , /AJMEDIA/

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
İttifaqdan AJMEDIA-ya bildirilib ki, 2023-cü il aprelin 24-25-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. Müsabiqədə iştirak etmək istəyənlər 2023-cü il aprelin 1-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər. (ərizə, 13×18 ölçüdə 2 rəngli foto-şəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı)
Müsabiqənin təşkilat komitəsinin sədri və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, lirik pyeslərin ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni, bütöv yaxud onlardan hissələr ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun ümummilli lider Heydər Əliyevə həsr olunmuş Fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikatlar və xatirə medalyonları veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts