Anar Kərimov: Məqsədimiz dini və tarixi abidələri bərpa edib milli irsimizi qorumaqdan ibarətdir

Tokio, 21 iyun , /AJMEDIA/

İrana səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyunun 21-də bu ölkənin milli irs, əl işləri sənayesi və turizim naziri İzətullah Zərqami ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə Anar Kərimiov mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. Bildirib ki, İranla Azərbaycan UNESCO çərçivəsində əməkdaşlıq edərək lavaşın, kamançanın, Novruz bayramının qeyri-maddi irs siyahısına daxil edib. İran və Azərbaycan qədim sivilizasiyaya malik olan ölkələrdir ki, bu da hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi zərurətini yaradıb. Azərbaycanın Bakı, Şuşa, Şəki, Qobustan kimi qədim tarixə malik olan yaşayış məskanları var. Bunlar beynəlxalq aləmdə maraq doğurur. Bütün bunlar turizmin inkişafı üçün də imkanlar yaradır. Turizm xalqları birləşdirən və bir-birini yaxından tanımaq üçün zəmin yaradan bir sahədir. Turizm əlaqələri həm maddi gəlir, həm də yaxınlaşmaq üçün daha münasib sahədir.
Qarabağ haqqında məlumat verən Azərbaycanın mədəniyyət naziri vurğulayıb ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan ərazilərdə milli irsimizə qarşı vandallıq siyasəti həyata keçirilib. Ermənistan işğal etdiyi rayonlarda məscidlərlə yanaşı, qəbiristanlıqları, muzeyləri, tarixi və dini abidələri məhv ediblər. Azərbaycan Prezidentinin rəhbərliyi ilə azad olunan torpaqlarda geniş quruculuq və bərpa işləri aparılır. Milli irsimizə dəyən zərər aradan qaldırılır. Bu işdə İranın böyük təcrübəsi var və biz bu təcrübədən yararlanmaq istərdik. İşğaldan azad olunan Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır. İşğal illərində burada 17 məscid dağıdılıb. Bu gün bu məscidlərin bərpası prosesi davam edir. Bərpa işlərində məqsədimiz dini və tarixi abdiələri yenidən qurub insanların xidmətinə vermək və milli irsimizi qorumaqdan ibarətdir.
Qeyd olunub ki, 12-ci əsrdə inşa olunan Xudafərin körpüsü Azərbaycanın qeyri-maddi irsinə aid olan tarixi abidədir və qədim İpək yolunun əsasını təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev bu körpünü Azərbaycanla İran arasında dostluq və qardaşlıq körpüsü adlandırıb. İranla əməkdaşlıq sahəsində bu körpünün adının UNESCO-nun qeyri-maddi irs siyahısaına salınması istiqamətində iş aparılır. Bu körpülər xalqlarımız arasındakı dostluğun simvoludur.
Nazir Anar Kərimiv qonaqpərvərliyə görə təşəkkür edərək həmkarını Azərbaycana səfərə dəvət etdi.
İranın mili irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami 2012-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşünü xatırladıb. Bildirib ki, Prezident İlham Əliyev çox maraqlı və böyük intellekt sahibi olan dövlət xadimidir. Onun dərin bilikləri var və özünü bacarıqlı diplomat kimi təsdiq edib.
Rəhbərlik etdiyi qurum barəsində məlumat verən nazir ermənilər tərəfindən məscidlərin dağıdılmasını pislədiyini və onların bərpasında Azərbaycana yaxından kömək etməyə hazır olduqlarını nəzərə çatdırıb.
Qeyd olunub ki, İran və Azərbaycan xalqları eyni tarixə, milli adət-ənənələrə və dini dəyərlərə malikdir. Bu amillər iki xalqın daha yaxın olmasını, İran və Azərbaycanın daha yaxın əməkdaşlığını şərtləndirir. Bəzi qüvvələr bizim ortaq dəyələrimizdən istifadə edib xalqlarımız arasında nifaq salmağa çalışırlar. Lakin bu dəyərlər bizi daha da yaxınlaşdırmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts