Ağcabədidə Vətən müharibəsi şəhidinin təltif olunduğu orden ailəsinə təqdim edilib

Tokio, 11 avqust , /AJMEDIA/

Vətən müharibəsi şəhidi kapitan Samir Mikayıllının ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Ağcabədidə ailəsinə təqdim edilib.
AJMEDIA xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları şəhidin xatirəsinə Salmanbəyli kəndində salınmış parka gələrək, Samir Mikayıllının abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin müdiri Şöhlət Orucov və başqaları çıxış edərək, şəhid Samir Mikayıllının şərəfli həyat və döyüş yolundan danışıblar.
Bildirilib ki, ali hərbi təhsili olan Samir Mikayıllı Xüsusi Təyinatlı Qüvvələrinin zabiti kimi hərbi xidmətə başlayıb. 2018-ci ildə Günnüt əməliyyatında iştirak edib, həmin döyüşlərdə fərqləndiyi üçün “İgidliyə görə” medalı ilə təltif olunub və vaxtından əvvəl ona baş leytenant rütbəsi verilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günündə döyüşlərə qatılıb, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın azad olunmasında şücaət göstərdiyinə görə 2020-ci il noyabrın 8-də ona kapitan rütbəsi verilib, noyabrın 9-da isə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kapitan Samir Mikayıllı ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sonra şəhidin atası Sabir Sultanov və qardaşı Müşviq Mikayıllıya şəhid Samir Mikayıllının təltif edildiyi orden təqdim olunub.
Şəhidin atası Sabir Sultanov oğlu Samirin xatirəsini uca tutduqları üçün tədbir iştirakçılarına minnətdarlıq edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından təşəkkürünü bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts