“Aframax” tipli “Qarabağ” tankeri istismara verilib

Tokio, 28 iyun , /AJMEDIA/

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib.
ASCO-nun mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.
Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur.
Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 faiz törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.
Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi “Şuşa” gəmisi 15 iyun – Milli Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin – “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. Gəmilər SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını yerinə yetirəcək.
Qeyd edək ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts