2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri və zəfərimiz

Tokio, 11 aprel , /AJMEDIA/

Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.

Bununla bağlı AJMEDIA Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlının “2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri və zəfərimiz” sərlövhəli məqaləsini təqdim edir.

Nə üçün növbədənkənar prezident seçkiləri?

Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.

Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

Seçkilərin gedişi və nəticələri

Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürüldü.

125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırıldı.

Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər .

Namizədlərin təbliğat və təşviqat kampaniyası aparmalarına bərabər imkanlar yaradıldı. Radio və televiziyada ödənişsiz təbliğat aparılırdı. Seçicilərlə açıq və qapalı görüş yerləri müəyyənləşdirildi.

Nəhayət, 11 apreldə seçkilər keçirildi. Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12 faiz, Sərdar Məmmədova 3,03 faiz, Qüdrət Həsənquliyevə 3,02 faiz, Hafiz Hacıyevə 1,52 faiz, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17 faiz, Razi Nurullayevə isə 0,74 faiz səs verildi.

Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi.

Seçkilər ədalətli və şəffaf şəkildə keçirildi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilənş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü.

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev
hədəfləri müəyyənləşdirir: “…biz öz torpaqlarımızı azad edəcəyik.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirdilər. Andiçmə mərasimi açıq elan olundu. Mərasim iştirakçıları Prezidenti hərarətlə qarşıladılar. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər. İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edildi. O, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının dövlət bayrağını öpdü və geniş nitq söylədi. İlk növbədə, seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirdi. Son 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər yetirən ölkə rəhbəri dedi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Ötən illər ərzində Azərbaycan xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşamışdı. Ölkədə daxili risklərin hamısı aradan qaldırılıb. Dövlət xarici risklərdən özünü qoruya bilmişdi. Təminatçısı Azərbaycan xalqının olduğu təbii sabitlik inkişafın əsas şərti olmuşdu. Xalq vahid milli ideya ətrafında birləşərək uğurla inkişaf edirdi. Azərbaycanda dinlərarası münasibətlər nümunəvi xarakter daşıyırdı.

Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlara imza atdığını və dünyada mövqelərinin möhkəmləndiyini söyləyən dövlət başçısı 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini vurğuladı. Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident dedi: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik”.

Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu bildirən ölkə rəhbəri son illərdə görülən işləri belə ifadə etdi: “Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir” .

Dövlət başçısı qətiyyətlə bildirdi: “Biz… istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

Nəinki Dağlıq Qarabağ bölgəsinin, indiki Ermənistanın da tarixi Azərbaycan torpaqları olduğunu deyən Prezident İlham Əliyev güclü dövlətin mövcudluğunun vacibliyini belə ifadə etdi: “Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır… Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.

Ordu quruculuğu siyasətinin düzgün olduğunu, son 15 il ərzində bu prosesin sürətlə getdiyini söyləyən ölkə rəhbəri bildirdi:

“Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.

2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbəni tarixi, böyük qələbə adlandıran Prezident vurğuladı ki, bu hərbi qələbə Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərmişdir. Dövlət başçısı qətiyyətlə dedi: “… Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. …biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

Cocuq Mərcanlı qəsəbəsini dirçəliş rəmzi olaraq qiymətləndirən Prezident bəyan etdi: “Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.

Məcburi köçkünlərin problemlərinin həllinin diqqət mərkəzində olduğunu bildirən ölkə rəhbəri vurğuladı ki, köçkünlərlə bağlı olan məsələlər uğurla həll edilir, gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır. Yürüdülən siyasət nəticəsində son 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3 min 100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşdü. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsində idi. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollar oldu. Ölkəyə 230 milyard dollardan çox sərmayə qoyuldu. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq gördü. Azərbaycan dünyada baş verən böhranlardan ən az itkilərlə çıxa bildi. Ölkədə sahibkarlığın inkişafı sürətlə getdi, sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildi. Yeni texnologiyaların tətbiqinə böyük diqqət yetirilirdi. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik kluba daxil oldu. Təhsilə, elmə xüsusi diqqət verilirdi.

Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Yeni layihələr üzərində iş gedirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikildi. Qazlaşdırma 95 faizə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi nailiyyət idi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Respublikası Avrasiyanın vacib nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi və humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Gələcək planlardan danışan dövlət başçısı dedi: “Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var… Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Qazanılan bütün bu uğurlar yalnız müstəqillik şəraitində, dövlətimizin başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində mümkün olmuşdu. Ölkə rəhbəri nitqinin sonunda vurğuladı: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Prezident İlham Əliyevin nitqi Azərbaycan dövlətinin ölkənin inkişafına dair konkret planlarının olduğunu və qarşıya qoyduğu başlıca məqsədə nail olmaq üçün əzmlə irəlilədiyini göstərirdi.

Başlıca hədəfə doğru…

Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.

Seçkidən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts