16 sentyabr – Beynəlxalq Ozon Qatının Mühafizəsi Günüdür

Tokio, 16 sentyabr , /AJMEDIA/

BMT Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, sentyabrın 16-sı bütün dünyada Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü kimi qeyd edilir.
Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq sektorunun müdiri Fuad Hümbətov AJMEDIA-ya bildirib ki, ozon qatının dağılmasında antropogen faktorun qarşısının alınması məqsədilə 1987-ci ilin sentyabr ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi Protokol imzalanıb. Protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlərlə azaldılması və aradan qaldırılması üzrə tənzimlənmə tədbirləri daxil edilib. Monreal Protokolunun həyata keçirilməsi nəticəsində soyuducularda, kondisionerlərdə və digər məhsullarda ozonu məhv edən kimyəvi maddələr 99 faiz azalıb.
F.Hümbətov qeyd edib ki, Azərbaycan 1996-cı ildən “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə qoşularaq ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Bu da sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən ibarətdir: “Hazırda Azərbaycan həmin konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Monreal Protokolu çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb.
Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts