Yaponiyanın Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır

Tokio, 16 Sentyabr, /AJMEDIA/

Yaponiyanın Miyaqi prefekturasının Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə görüşdə həmin şəhərin meri xanım Kazuko Kori deyib.

Görüşdə dəvətə görə minnətdarlığını bildirən səfir Azərbaycanın uğurlu xarici siyasəti, hazırkı iqtisadi vəziyyəti, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat verib.

Azərbaycan–Yaponiya ikitərəfli münasibətlərindən bəhs edən G.İsamyılzadə iki dost ölkənin regionları arasında əməkdaşlığın münasibətlərimizin genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Kazuko Kori 2020-ci ildə də səfirlə keçirilmiş görüşünü xatırladıb. Qeyd edib ki, Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır.

Səfər çərçivəsində səfir Senday şəhərində fəaliyyət göstərən “Ibuki Co. Ltd.” şirkətinin rəhbərliyi ilə də görüşüb, şirkətin istehsal etdiyi məhsullarla tanış olub. Bildirilib ki, şirkət müxtəlif sahələrlə yanaşı, nanofiber texnologiyası əsasında polipropilendən maskaların istehsalı ilə də məşğul olur. Şirkətin maskaları Yaponiya hökuməti tərəfindən müvafiq lisenziya alıb və hazırda ölkənin bir sıra xəstəxanalarında məhz bu maskalardan istifadə edilir. Həmçinin şirkətin nəzdində nanotexnologiyalar ilə məşğul olan elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Şirkətin prezidenti Nozomi Nakamura bildirib ki, bu maskalar üçün istifadə olunan polipropilen neft emalı nəticəsində əldə edilir. Yaponiyada isə təbii yataqlar olmadığından polipropilen ölkəyə idxal edilir. Şirkət rəhbəri Azərbaycan ilə gələcəkdə bu sahədə əməkdaşlığa hazır olduqlarını və ölkəmizdə belə bir zavodun tikilməsinin məqsədəuyğun olduğunu bildirib.

Əməkdaşlıq barədə təklifə görə minnətdarlığını bildirən G.İsmayılzadə Azərbaycanda sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. Ələt Azad İqtisadi Zonası haqqında geniş məlumat verərək, “Ibuki Co. Ltd.” şirkətinin təklif etdiyi maska istehsalı zavodunun məhz bu zonada inşasının məqsədəmüvafiq olduğunu vurğulayıb.

Azərbaycan səfirinin səfəri yerli mətbuat tərəfindən də geniş işıqlandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts