Yaponiya və ABŞ-ın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Tokio, 13 Noyabr, /AJMEDIA/

Yaponiyanın yeni xarici işlər naziri Yoşimasa Hayaşi vəzifəsinin icrasına başladıqdan sonra ilk telefon danışığını ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirib.

AJMEDIA Yaponiya KİV-nə istinadla xəbər verir ki, tərəflərin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdiyi bildirilir.

“Biz Çin və Şimali Koreya ətrafında vəziyyət, həmçinin regionda baş verən digər məsələləri müzakirə etdik. Yaponiya, ABŞ və Cənubi Koreyanın hökumətləri səviyyəsində Şimali Koreya ilə bağlı məsələlərdə birlikdə sıx əməkdaşlığın vacibliyini qeyd etdik. Mən, həmçinin ABŞ dövlət katibini Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanan yaponlarla bağlı problemi həll etmək üçün əməkdaşlığa çağırdım və ABŞ tərəfinin buna dəstək göstərəcəyinə əmin oldum. Bundan əlavə, biz Tayvan körfəzində sülhün qorunmasının vacibliyini də qeyd etdik”, – deyə Y.Hayaşi şənbə günü Tokioda təşkil edilən mətbuat konfransında jurnalistlərə bildirib.

Nazir, həmçinin qeyd edib ki, danışıqlar zamanı tərəflər azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üçün sıx əməkdaşlıq barədə də razılığa gəliblər. Bu məqsədlə Yaponiya-ABŞ ittifaqını daha da möhkəmləndirməyin zəruriliyi vurğulanıb. Tərəflər, eyni zamanda, iqlim dəyişmələri, koronovirusla mübarizə və digər qlobal problemləri də müzakirə ediblər. İki ölkə arasında müttəfiqliyin möhkəmləndirilməsi məqsədilə müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə “2+2” formatında görüşün tezliklə təşkili barədə razılıq əldə edilib.

Xatırladaq ki, Y.Hayaşi noyabrın 10-da rəsmi olaraq Yaponiyanın xarici işlər naziri təyin olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts