Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin apreli

Tokio, 13 yanvar , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 aprel – Prezident Heydər Əliyev Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkünlə görüşdü.

2 aprel – İlin yekunlarına həsr olunmuş müşavirədə nitq söylədi.
5-6 aprel – 1994-cü il oktyabr, 1995-ci il mart hadisələrinə və ölkədə ictimai-siyasi vəziyyətə həsr olunmuş tədbirdə çıxış etdi.
9-11 aprel – Pakistanda rəsmi səfərdə oldu.
12 aprel – Gürcüstan parlamentinin sədrini və ABŞ Konqresinin üzvünü ayrı-ayrılıqda qəbul etdi.
14 aprel – Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının baş naziri Məsud Yılmazla görüşdü. Onunla birgə Şəhidlər xiyabanını ziyarət etdi.
15 aprel – Türkiyə Respublikasının baş naziri Məsud Yılmazla birgə Bakının Sabunçu rayonunda müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşdü.
17 aprel – Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq sazişi layihəsinin müzakirəsinə həsr olunmuş iclasda çıxış etdi.
21-26 aprel – Qərbi Avropa ölkələrində – Lüksemburq, Belçika və Norveçdə səfərdə oldu. Səfər çərçivəsində Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiyanın xarici işlər nazirləri, Gürcüstan Prezidenti, Avropa İttifaqının prezidenti, ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri və NATO-nun Baş katibi ilə görüşlər keçirdi. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxış etdi.
28 aprel – Qurban bayramı münasibətilə Pirşağıdakı sanatoriyada məskunlaşan məcburi köçkünlərlə görüşdü.

X X X

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin təbii ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına xüsusi önəm verir, aqrar sahədə vəziyyəti təhlil edərək, təsirli tədbirlər müəyyənləşdirirdi. Nəticədə torpaqdan təsərrüfatçılıqla istifadə etməyin forma və metodları geniş tətbiq olunurdu. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən əhalinin ərzaqla, sənayenin müvafiq sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində islahatların sürətləndirilməsini ön plana çəkirdi.

Bu baxımdan, Heydər Əliyevin 1996-cı il aprelin 2-də 1995-ci il kənd təsərrüfatı ilinin yekunları və 1996-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı keçirilən müşavirədə söylədiyi fikirlər, verdiyi tövsiyələr diqqət çəkir. Müşavirədəki çıxışında iqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatının problemlərindən danışan Ulu Öndər, eyni zamanda, qarşıya mühüm vəzifələr qoydu. Qeyd etdi ki, Azərbaycan nəinki özünü zəruri ərzaq məhsulları ilə təmin edə bilər, hətta onları xarici bazara da çıxarar.
Sitat: “Biz elə bir ölkəyik ki, əgər öz təbiətimizdən, iqlimimizdən səmərəli istifadə etsək, özümüzü bütün ərzaq məhsulları ilə təmin edə bilərik və bir çox kənd təsərrüfatı məhsullarını, – həm ərzaq məhsullarını, həm də texniki bitki məhsullarını, yəni pambığı, tütünü, çayı hətta ixrac edə bilərik. Bizim belə böyük imkanımız var. Ona görə də bu baxımdan bu keyfiyyətlərə görə Qafqazda Azərbaycana bərabər olan ölkə yoxdur, Azərbaycana bərabər olan bir respublika yoxdur”.
Azərbaycanı dəfələrlə çətin imtahanlardan çıxaran Heydər Əliyev xalqın həmrəyliyinə və dəstəyinə arxalanırdı. Məhz bu həmrəylik və dəstək sayəsində 1994-cü və 1995-ci illərdə dövlət çevrilişləri cəhdlərinin qarşısı alınmış, respublikada ictimai-siyasi sabitlik bərpa olunmuşdu. 1996-cı ilin aprelində keçirilən müşavirədə 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və ölkədə ictimai-siyasi vəziyyət geniş müzakirə edildi. Ulu Öndər tədbirdəki nitqində həmin hadisələrin səbəbləri və sabitliyi daha da möhkəmləndirməyin yolları barədə danışdı. Bildirdi ki, bütün ağır vəziyyətlərdən yeganə çıxış yolu ancaq birliyimizdir.
Sitat:“1988-ci ildən Ermənistan tərəfindən başlanmış təcavüz və bununla əlaqədar Azərbaycanın daxilində yaranmış gərgin, mürəkkəb və çox ziddiyyətli vəziyyət bir yandan xarici qüvvələrin Azərbaycanı dağıtmaq meyillərinin nəticəsi olmuşdusa, digər tərəfdən həm xaricdə, həm də daxildə xalqımıza, millətimizə düşmən olan qüvvələrin təxribatçı əməllərinin, işlərinin nəticəsi olmuşdur…
Azərbaycanın başına gəlmiş ağır bəlalardan müvəffəqiyyətlə çıxmağımızın əsas səbəbi odur ki, xalq ilə dövlətin tam həmrəyliyi əldə olunubdur”.
Yenicə müstəqillik qazanmış ölkə üçün beynəlxalq arenada tanınmaq, dünya dövlətləri ilə əlaqələr qurmaq xüsusi önəm kəsb edirdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan dərhal sonra bu istiqamətdə aramsız səylər göstərirdi. Onun xarici siyasət kursunda Avropa dövlətləri ilə münasibətlər mühüm istiqamət təşkil edirdi. Qısa müddət ərzində Böyük Britaniya, Almaniya, İtaliya kimi nüfuzlu ölkələrlə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin qurulması Ümummilli Liderin müdrik siyasətinin nəticəsi idi. Bu düşünülmüş xarici siyasi kurs Azərbaycanın Avropa ilə inteqrasiyasına yol açır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə kömək edirdi.
Heydər Əliyevin 1996-cı ilin aprelində Qərbi Avropa ölkələrinə səfəri bu baxımdan səciyyəvidir. Ulu Öndər səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində, Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısında iştirak etdi. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiyanın xarici işlər nazirləri ilə təkbətək görüşərək, danışıqlar apardı. Keçirdiyi bütün görüşlərdə, çıxışlarında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını möhkəmləndirməyin əhəmiyyətdən danışmaqla yanaşı, auditoriyanı Ermənistanın torpaqlarımıza təcavüzünün ağır nəticələri barədə məlumatlandırdı. Ümid etdiyini bildirdi ki, Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan problemlərin həllində daha fəal iştirak edəcək və bu, regionda sülh və sabitliyin bərpa olunmasına öz təsirini göstərəcək.
1996-cı ilin aprelində Heydər Əliyev Brüsseldə NATO-nun baş qərargahını ziyarət etməsi, Şimali Atlantika Alyansının Baş katibi Xavyer Solana ilə görüşməsi Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrində yeni səhifə açdı. Görüşdə 1994-cü ildə imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramının əhəmiyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həllində NATO-nun rolu vurğulandı.
“Mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər” – Heydər Əliyev bu fikirləri 1996-cı il aprelin 1-də Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşündə səsləndirmişdi. Ulu Öndərin böyük inam və uzaqgörənliklə dediyi həmin vaxt 24 ildən sonra yetişdi. Azərbaycan gücləndi, güclü ordu yaratdı. 2020-ci ilin sentyabrında Vətən müharibəsinə başlayan xalqımız 30 illik işğala 44 gündə son qoyaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə möhtəşəm qələbə qazandı. Hazırda isə azad olunmuş torpaqlarda Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində ilk inamlı addımlar atılır.

X X X

Heydər Əliyevin Kəlbəcər sakinlərinin bir qrupu ilə görüşündəki nitqindən

*1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüzə başlayarkən xalqımız gərək yumruq kimi birləşəydi. Bütün daxili ixtilafları, çəkişmələri, cürbəcür narazılıqları bir kənara qoyaraq yumruq kimi birləşib gərək torpağı qoruyaydı. Amma əslində nə oldu? Əslində, bu fürsətdən, şəraitdən hərə özü üçün istifadə etməyə çalışdı.

*Bizim millətimiz aciz millət deyil, xalqımız aciz xalq deyil. Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətənini qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edib. Ancaq bu dəfə, təəssüflər olsun ki, bu keyfiyyətləri nümayiş etdirmək mümkün olmayıb. Ona görə yox ki, xalqımızda bu keyfiyyətlər yoxdur. Ona görə ki, əgər lap qədim keçmişlərdən desək, hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şeyi həll edirlər.
*Bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət dərsi götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin – Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları, quldurları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts