Veteran futbolçu: “Neftçi”ni “Qarabağ”la matçda daha şanslı görürəm

Tokio, 1 aprel , /AJMEDIA/

“Neftçi” və “Qarabağ” arasında oyunlar hər zaman gərgin alınır. Bu matç da kubokun yarımfinalı olduğu üçün hər iki komanda qalib gəlmək istəyəcək”.

AJMEDIA xəbər verir ki, bu sözləri veteran futbolçu Elnur Allahverdiyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.

Futbolçu karyerası ərzində hər iki klubun formasını geyinmiş 41 yaşlı keçmiş müdafiəçi bu görüşlərdə “ağ-qaralar”ı daha şanslı gördüyünü bildirib: “Qarabağ” ölkə çempionu olmağı bacardı. Ola bilər ki, matça tam köklənməsinlər. Bu da “Neftçi”yə müsbət mənada təsir edən amildir. Düşünürəm ki, “ağ-qaralar” mövsümü kubokla bitirmək üçün əllərindən gələni edəcəklər”.

Onun sözlərinə görə, “Neftçi” kuboku qazanmasa belə, baş məşqçi Miodraq Bojoviçə şans vermək lazımdır: “Monteneqrolu mütəxəssis komandaya yeni gəlib. Əgər kubokun yarımfinalında məğlub olsa, tənqidlə qarşılanmamalıdır. Növbəti mövsümün sonunda da nəticə əldə edə bilməsə, o zaman Bojoviçlə bağlı düşünmək olar. Hələlik onun burada qalması daha məqsədəuyğundur”.

E.Allahverdiyev bu matçda azarkeşlik edəcəyi komandanın adını da açıqlayıb: “Daha çox “Neftçi”də çıxış etmişəm. İstəyərəm ki, “ağ-qaralar” mövsümü kubokla başa vursunlar”.

Qeyd edək ki, aprelin 2-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts