Ukraynanın işğalı və Qarabağ problemi Güc balansı dəyişəcəkmi?

Tokio, 9 iyun , /AJMEDIA/

Qarabağ bölgəsi keçmiş Sovet İttifaqının tərkibində olmuş Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir və 30 ilə yaxın bir dövrdə Ermənistanın işğalı altında olub.
Yaponiyanın Keyo Universitetinin professoru Yoko Hirosenin bu ölkənin çoxtirajlı nəşrlərindən biri olan “Asahi Shimbun” qəzetinə verdiyi son müsahibə bu sözlərlə başlanır. Mayın əvvəllərində Şuşa şəhərində keçirilmiş və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın iştirakçısı olan professor keçmiş Qarabağ münaqişəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Xankəndi şəhərində və ətraf kəndlərdə yaşayan erməni əhalisinin durumu, Laçın yolu və bu mövzuda digər sualları ətraflı cavablandıraraq Yaponiya icitimaiyyətini məlumatlandırıb. Mövzunun Yaponiya ictimaiyyətinə obyektiv çatdırılması baxımdan əhəmiyyətli olan bu müsahibəni oxucularımıza təqdim edirik. Əlavə olaraq qeyd edək ki, bu ölkənin çoxtirajlı nəşrlərindən biri olan “Asahi Shimbun” qəzeti gündəlik 12 milyondan çox tirajla nəşr olunur.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də bildirib ki, şərtlər yerinə yetirilərsə, mövqeyini dəyişib bölgəni Azərbaycan ərazisi kimi tanıyacaq. Bu məsələ ilə bağlı “keçmiş Sovet İttifaqının lideri” kimi çıxış edən Rusiya ilə yanaşı, ABŞ və Avropa İttifaqı (Aİ) da vasitəçi kimi çıxış edir. Uzun müddətdir davam edən bu problem vaxtında həllini tapacaqmı? Bu məsələ ilə bağlı Keyo Universitetinin Siyasət Araşdırmaları Fakültəsinin beynəlxalq siyasət professoru Yoko Hiroseyə müraciət etdik.
-Cənab Nikol Paşinyanın açıqlamasını necə təhlil edərdiniz?
-Doğrusunu deyim ki, bu mənim üçün bir sürpriz idi. Belə ki, Ermənistanın keçmişdə siyasi iğtişaşlar tarixi var, bu ölkədə Qarabağ məsələsində Azərbaycana qarşı istənilən güzəştli münasibət böyük ictimai etirazla qarşılanır. Həmçinin, Ermənistan hələ də 2020-ci ildə İkinci Qarabağ Müharibəsində, işğal olunmuş ərazilərin böyük hissəsinin Azərbaycan tərəfindən geri alındığı vaxt uğradığı məğlubiyyət problemlərini yaşayır. Bu şəraitdə heç kim Qarabağın Azərbaycan ərazisi sayıla biləcəyini deməyə cürət etmir. Əslində, baş nazir Nikol Paşinyanın bəyanatından sonra Ermənistanda heç bir siyasi iğtişaş yaşanmaması kifayət qədər qəribə qarşılanıb.
-Bəs Ermənistanda gözlənilməyən bu reaksiyanın arxasında nə dayanır?
-Bu bir həqiqətdir ki, Azərbaycan ilə 2020-ci ildə təkbaşına müharibəyə qatılan Ermənistan nəticədə sarsıdıcı məğlubiyyətə uğrayıb.
1990-cı illərdə ilk münaqişə zamanı Azərbaycan tək və müdafiəsiz qalmışdı və Rusiya və İranın dəstəyinə arxalanan Ermənistan böyük qələbə qazana bildi. 2020-ci ildə isə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan Türkiyədən dəstək aldı. Digər tərəfdən, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi alyansının üzvü olsa da, nəinki ondan dəstək almadı, hətta digər qonşu ölkələrdən də heç bir dəstək görmədi.
Hazırda Rusiya Ukraynanın işğalı ilə məşğuldur və buna görə də o qədər də etibarlı tərəfdaş sayılmır. Keçən il Azərbaycanla baş verən üç toqquşma zamanı Ermənistan Rusiyadan xahiş etsə də, ondan heç bir dəstək ala bilmədiyi qeyd edilir. Deməli, indiyə qədər Ermənistanı dəstəkləyən bütün ilkin şərtlərin iflasa uğradığını demək olar.
Bir həqiqət də var ki, Qarabağ probleminə görə Ermənistan “regional məğlub”dur. Məsələn, Azərbaycanla müharibə vəziyyətində olduğu üçün boru kəmərlərinin heç biri Ermənistandan keçmədi. Onun şimal qonşusu olan Gürcüstan ərazisindən keçdi. Eyni hal dəmir yolları üçün də keçərlidir. Gürcüstan regional mərkəz kimi zənginləşir, Ermənistan isə bütün imkanlarını itirir.
Azərbaycanla münasibətləri bərpa etsə, Ermənistan da Gürcüstan kimi iqtisadi inkişafını bərpa edə bilər. Bunun digər üstünlüyü isə Ermənistanın hazırda Rusiyadan aldığı enerji qonşu Azərbaycanda daha ucuz və təhlükəsiz olmasıdır.
Rusiya enerjisinə güvənmək Ermənistan üçün sərfəli deyil və bütün layihələr hazırda Gürcüstan üzərindən reallaşdırılır. Bu, Ermənistan üçün çox həssas mövzudur. Gürcüstan və Rusiya yenidən müharibəyə başlasa, Ermənistanın enerji təminatı ciddi sual altında qalacaq. Ermənistan ehtiyacı olduğu enerjinin yarısını atom elektrik stansiyasından alır və zəlzələyə meyilli ölkə olmasına baxmayaraq, layihə müddətini ötmüş “dünyanın ən təhlükəli atom elektrik stansiyasını” işlətməyə davam edir. Reallıq ondan ibarətdir ki, bu atom elektrik stansiyası uzun müddətdir ki, bağlanmaq üçün Avropa İttifaqının (Aİ) təzyiqi altındadır. Ermənistan bu cür enerji təminatı ilə uzağa getməyin mümükün olmadığını başa düşməlidir.
Digər tərəfdən Rusiya ilə münasibətləin gərginləşməsi Erməniatana enerji təminatında ciddi problemlər yarada bilər və belə olan təqdirdə bu ölkə Azərbaycana güzəştə getməkdən başqa yol tapa bilməyəcək.
-Son vaxtlar sülh danışıqlarında Qərbin iştirakı nəzərə çarpır. Atəşkəsdən sonra pərdə arxasında sülh danışıqları gedir. Əvvəlcə atəşkəs sadəcə olaraq döyüşlərin dayandırılması, Qarabağın hüquqi statusu məsələsinin təxirə salınması, heç bir mühüm məsələnin həll edilməməsi demək idi.
-Atəşkəsdən sonra sülh danışıqlarına Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Minsk Qrupu” (ABŞ, Fransa və Rusiya həmsədrlik edir) rəhbərlik etməli idi. Lakin bu qrupun təklifləri ermənipərəstliyi ilə seçilirdi və Azərbaycan üçün qəbuledilməz idi. Həmsədrlərə nəzər salsaq, Rusiya çox erməni yönümlüdür, Fransa və ABŞ isə ölkədə siyasi və iqtisadi gücə malik çoxlu erməni mühacirləri olan tərəfə qarşı çox meyllidir. ABŞ-ın da Azərbaycana qarşı iqtisadi sanksiyaları var və bu sanksiyalar bu gün də mövcuddur. Lakin Azərbaycanla əməkdaşlıq münasibətləri və birgə layihələr nəticəsində həmin sanksiyalar demək olar ki, dondurulub. Ona görə də hesab edirəm ki, Azərbaycanda Minsk Qrupuna müəyyən inamsızlıq var və vasitəçilik etmək üçün Aİ işə qarışıb.
Rusiyaya gəlincə, məhz bu ölkə əvvəlki iki münaqişədə atəşkəsin əldə edilməsinə nail olub. Bununla belə, hesab edirəm ki, Qərb mümkün qədər Rusiyanın bölgədə yenidən sülhə nail olmasına imkan verməmək istiqamətində hərəkət edir. Çünki Rusiya bunu etsə, regionda keçmiş Sovet İttifaqının təsiri qalacaq. Belə ki, Rusiyada hələ də özünü göstərən təsir dairəsi konsepsiyası var, sanki bütün keçmiş Sovet İttifaqı ona məxsusdur və indiki Ukrayna probleminin də mənbəyində bu mövqe dayanır. Düşünürəm ki, Qərb tərəfi keçmiş Sovet İttifaqına həm ad baxımdan, həm də reallıqda xatırlatmaq istərdi ki, onun mövcudluğu artıq illüziyadır və bu cür yanaşma qeyri-realdır.
Düşünürəm ki, Nikol Paşinyan etibarsız Rusiyaya deyil, daha normal şəkildə təmin olunan sülhü bir araya gətirmək üçün ABŞ və Aİ-yə arxalanmaq istəyir.
-Bununla belə, mayın 25-də Rusiyanın dəvəti ilə Moskvada Avrasiya İqtisadi Birliyinin liderlərinin sammiti keçirilib. AİB üzv olmayan Azərbaycan prezidenti İlham Əliyev də tədbirə dəvət olunub. Sammitdən sonra üç ölkənin liderlərinin görüşü keçirilib. Sizcə bu görüşdə böyük irəliləyiş olubmu?
-Xatırladım ki, mayın əvvəlində ABŞ-da xarici işlər nazirləri səviyyəsində mühüm danışıqlar olub və bundan sonra liderlər Brüsseldə görüşüblər. Hazırda müzakirələr davam edir. Rusiyaya gəlincə, Qərb tərəfindən Ukraynanı işğal etdiyinə görə tənqid olunan bir ölkənin Qarabağ məsələsini gündəmə gətirməsi düzgün addım kimi qarşılanmır. Ona görə də hesab edirəm ki, Azərbaycan AİB üzvü olmasa da həmin tədbirə dəvət olunub. Lakin görüşdə Nikol Paşinyanla İlham Əliyev Putinin qarşısında mübahisə etdilər. Bu sanki Rusiyaya hörmətsizlik kimi göründü. Fikrimcə, Nikol Paşinyan bilərəkdən Putini incitmək üçün həmin mübahisəni yaratdı və məqsədi Rusiyanı vasitəçilikdən kənarlaşdırmaq idi.
– Bəs Azərbaycan tərəfi Ermənistanın bu addımlarına necə reaksiya verir?
– Nikol Paşinyanın mayın 22-də səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən soyuq qarşılandı, sakit reaksiya verildi. Ermənistanda indiyədək mövcud olan siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycan hesab edir ki, Nikol Paşinyan təkbaşına nəsə desə belə, Ermənistan bu fikrin rahat qəbul olunacağı bir ölkə deyil. Hesab edirəm ki, Azərbaycan bunu gözləyərək ehtiyatlı mövqe nümayiş etdirir. Zənnimcə, Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, Ermənistan Qarabağ bölgəsini qeyd-şərtsiz təhvil verməyəcək. Nikol Paşinyanın qeyri-müəyyən açıqlamaları yəqin ki, nə isə etmək mümkün olmadığını ifadə edir.
– İyunun 1-də Almaniya, Fransa və Aİ liderləri Moldovanın paytaxtı Kişineuda bir araya gəldilər, bəs bu görüşün nəticəsini necə qiymətləndirirsiz.
– Ermənistan tərəfdən belə bir bəyanat var ki, danışıqlar sülhə doğru gedir, lakin irəliləyiş ləngdir.
Mayın 25-də Moskvada baş verən mübahisədən sonra sülhün çox yaxın olduğunu demək hələ tezdir. Cənab Putin də daxil olmaqla üç lider arasında danışıqların təfərrüatları açıqlanmır, lakin irəliləyiş əlaməti çox deyil.
Bəzi məmurlardan da eşitdik ki, onlar həqiqətən problemi həll etməyə çalışmırlar, baxmayaraq ki, cənab İlham Əliyev bütün əraziləri geri alacağını deyib. Digər tərəfdən, əgər o, bütün əraziləri geri qaytarsa, bu, prezidentin reputasiyasını yüksəldəcək və onun adı tarixə həkk olunacaq. Bu da şübhəsiz son dərəcə cəlbedicidir. Ona görə də elə təəssürat yaranır ki, orada əslində nə baş verdiyini bilmirik.
-Danışıqlar indi hansı mərhələdədir?
-Qarabağda yaşayan ermənilərin müxtəlif hüquqlarının nə dərəcədə tanınacağı hazırda sual altındadır. Burada diqqət Ermənistanın hansı şərtləri qoyacağına yönəlib.
-Bəs hazırda Qarabağda vəziyyət necədir?
-Mayın əvvəlllərində mən Azərbaycan hökumətinin dəvəti il Qarabağa getmişdim. Azərbaycan hökuməti tərəfindən hazırda infrastrukturun qurulması üçün həmin ərazilərdə geniş iş aparılır. “Ağıllı yaşayış məskənləri” salınır. Cənub-şərqdə, vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzlidə yeni hava limanı 2021-ci ilin oktyabrında istifadəyə verilib. Şuşada olarkən cənab İlham Əliyevlə söhbətimiz oldu. O, Ermənistanı tənqid edərək, “Ərazilərimizin ələ keçirilməsi və boş torpaq kimi saxlanması bu torpaqların bizim olduğunu bir daha sübut edir”, – deyə vurğuladı. İnanıram ki, Azərbaycan Qarabağın geri alınmasına haqq qazandırmaq üçün yenidənqurma və abadlığa üstünlük verəcək.
Digər tərəfdən, geri dönüş layihəsi çətin bir layihə kimi görünür. Münaqişənin başlamasından 30 ilə yaxın vaxt keçir və nəsillər artıq dəyişib. Keçmiş sakinlər qocalır, ikinci və üçüncü nəsillərin isə indi öz həyatları var. Minaları təmizləmək on ildən çox vaxt aparacaq və belə görünür ki, az adam aktiv şəkildə köçməyə hazırdır.
Keçmiş Sovet İttifaqının Rusiyası ilə Avropa və ABŞ arasında sıxışan ölkələrin düşdüyü vəziyyəti mən “aralıq siyasəti” adlandırıram və bu istiqamətdə araşdırmalarımı davam etdirirəm. Cənab İlham Əliyevlə görüşəndə aralıq siyasət yeridən bir ölkənin rəhbərinin dedikləri məni heyrətə gətirdi. Azərbaycan heç vaxt NATO-ya üzvlüyünü elan etməyib və onun Konstitusiyası hərbi ittifaqlara qoşulmanı qadağan edir. Bununla belə, Türkiyə ilə müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsi imzalanıb. Bu, əslində Türkiyə ilə hərbi əməkdaşlıq haqqında yazılı bəyanatdır.
Şuşada keçirilən konfransda Prezident İlham Əliyev bunları dedi: “Biz heç vaxt NATO-ya üzv olmağı qarşımıza məqsəd qoymamışıq və heç vaxt da qoymayacağıq. NATO-ya üzv olan Avrasiya ölkələrini və ya NATO-ya daxil olmayan ölkələrin vəziyyəti necədir? Hər ikisi müharibə vəziyyətindədir. Ancaq biz Türkiyə ilə əməkdaşlıq etmişik. Türkiyə NATO-nun hərbi gücüdür. Belə bir ölkə ilə bizim hərbi əməkdaşlığımız olduğundan demək olar ki, biz NATO-nun assosiativ üzvüyük. Biz üzvlük adını götürməmişik, mahiyyəti götürmüşük” dedi. Bu bəyanat Ukrayna və Gürcüstanın hələ də NATO-ya üzv ola bilmədiyi və Rusiya ilə münasibətlərində çətinlik çəkdiyi situasiya fonunda verilib.
Türkiyə də Azərbaycanın “böyük qardaşı” mövqeyinii müəyyən etdiyi üçün burada “qazan-qazan” münasibəti yaranıb. Azərbaycanın təbii sərvətləri və geniş imkanları var, amma mən keçmiş Sovet İttifaqı ölkəsinin həyat tərzini burada görürəm.
– Şimal ərazilərinin aidiyyatı ilə bağlı Yaponiyanın da Rusiya ilə problemi var.
– Ərazi danışıqları prinsipcə son dərəcə çətindir. İstənilən ölkə üçün ərazi suverenlik və ərazi bütövlüyü ilə bağlı ən mühüm məsələdir, buna görə də onu asanlıqla təslim etmək olmaz. Bu, qarşı tərəfdən asılıdır və məncə, qarşı tərəfin mövqeyini, yanaşmasını, danışıqların xüsusiyyətlərini və digər məsələlər hərtərəfli araşdırdıqdan sonra ən yaxşı cavabı düşünmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts