Tarix Muzeyinin arxeoloji kolleksiyasının incilərindən: Qoç formalı riton

Tokio, 24 avqust , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini özündə əks etdirən materiallar qorunur. Həmin materiallardan biri Qoç formalı ritondur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Qoç formalı riton Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdindəki Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyasının rəisi Ceyhun Eminlinin rəhbərliyi ilə 2020-ci ilin çöl-tədqiqat mövsümündə Yardımlı rayonundakı Bilgəh antik dövr qəbiristanlığında aparılan qazıntılar zamanı tapılıb. Riton üçayaqlı olub (bir ayağı qırıqdır), gövdəsi oval formalıdır. Buynuzları olub, amma qırılıb. Boynun dibi və heyvanın başına doğru boyun üzəri dərin çərtməli xətlərlə bəzədilib. Qabın üstü şüyrələnib. Gövdənin üzəri ilə ağzın kənarına birləşən qoşa çubuqlu qulpu var. Qulpun üzəri dərin çərtmələrlə bəzədilib. Qulp çubuqlarının birləşən hissəsində isə iki yapma düyməcik var. Riton formasına görə digər nümunələrdən seçilir.
Tədqiqatçı alim C.Eminli ritonu bizim eranın I-II əsrlərinə aid edib. 2021-ci ildə daimi mühafizə məqsədilə muzeyə təhvil verilmiş ritonun əhəmiyyətinə gəldikdə isə, bu qab Azərbaycanın, xüsusilə də Cənub bölgəsinin antik dövr dulusçuluğu və mənəvi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts