“Sumqayıt” “Neftçi”ni məğlub edib

Tokio, 4 fevral , /AJMEDIA/

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun keçirilib.

AJMEDIA xəbər verir ki, matçdan öncə azarkeşlər üçün konsert proqramı təşkil edilib. Daha sonra meydana komandalar çıxıblar. Topa rəmzi olaraq ilk toxunan 88 yaşlı veteran futbolçu Telman Salahov olub. O, 1966-cı ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda şəhəri təmsil edən “Polad” komandasının heyətində ilk qolun müəllifidir.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 8-ci dəqiqədə Kazimir Ninqa açıb. O, 37-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Matçın yekun nəticəsini 90+8-ci dəqiqədə penaltidən Filip Ozobiç müəyyənləşdirib.

Bu nəticədən sonra xalını 34-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. Aktivində 32 xal olan “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

Oyunu izləyənlər arasında AFFA rəhbərliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də futbol ictimaiyyətinin bir sıra nümayəndələri olub.

Xatırladaq ki, tur çərçivəsində fevralın 3-də iki oyun keçirilib. Lider “Qarabağ” səfər oyununda “Səbail”i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 50-yə çatdırıb. “Səbail” isə bu məğlubiyyət nəticəsində yeddinci pilləyə geriləyib. Bu komandanın aktivində 27 xal var.

Digər oyunda – “Sabah” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqlənib. “Sabah” 27 xalla beşinci, ondan bir xal geri qalan tovuzlular isə səkkizinci sırada qərarlaşıblar.

Premyer Liqanın XXI turuna fevralın 5-də oynanılacaq “Kəpəz” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Kamal Umudlu idarə edəcək. “Araz-Naxçıvan” 27 xalla altıncı, “Kəpəz” isə 17 xalla yeddinci pillədə yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts