“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib

Tokio, 28 may , /AJMEDIA/

Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun daha bir oyunu keçirilib.
AJMEDIA xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər “Səbail”lə “Şamaxı” komandaları birincilərin meydanında üz-üzə gəliblər.
Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.
“Səbail” son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.
İyirmi beş xalla axırıncı – 10-cu yeri tutan “Şamaxı” isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, “Şamaxı” 2023/2024 mövsümünü I Divizionda, “Araz-Naxçıvan” isə elitada keçirəcək. Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, “Şamaxı” çempionatdakı çıxışını davam etdirəcək.
Günün digər oyunlarında “Qəbələ” “Kəpəz”lə heç-heçə (1:1) edib, “Zirə” “Sumqayıt”a səfərdə 3:0 hesabı ilə qalib gəlib. Mövsümə mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts