Prezident: Azərbaycanın görkəmli nümayəndələrinin Heydər Əliyevə müraciət etməsi tarixi zərurətdən doğurdu

Tokio, 21 noyabr , /AJMEDIA/

Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında söyləyib.
Ölkənin artıq idarəolunmaz vəziyyətə düşdüyünü, bir il ərzində dövlətçiliyin əsaslarının qoyulmadığını, demokratik inkişafın ləng getdiyini, əslində, geriyə addımlar atıldığını xatırladan YAP-ın Sədri deyib: “Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi”.
Prezident qeyd edib ki, torpaqlarımızın işğal altına düşməsi vəziyyəti daha da ağırlaşdırırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi nəticəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts