Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bəhreyndə keçirilən dialoq forumunda təmsil olunub

Tokio, 6 noyabr , /AJMEDIA/

Bəhreyn Krallığında “Şərq və Qərb: İnsanların birgə yaşayışı” mövzusunda beynəlxalq dialoq forumu keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən (NGBM) AJMEDIA-ya bildiriblər ki, dinlərarası dialoqun yaradılmasının, ekstremizmə qarşı birgə mübarizənin, tolerantlığın təbliğinə həsr olunmuş forumda Kral Salman bin Həməd Al Xəlifə, Əl-Əzhər Universitetinin baş imamı Şeyx Əhməd Əl-Tayyib, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos, NGBM-in üzvləri Ekmeleddin İhsanoğlu, Nobel mükafatçısı Kailaş Satyarti və bir çox digər nüfuzlu şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Əl-Əzhər Universitetinin rəhbəri, Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyiblə görüşüb. Görüşdə hazırda dünyada baş verən problemlərlə yanaşı, Mərkəzin Çin, ABŞ, Avropa İttifaqı, Qərbi Balkan ölkələrində, İndoneziya və Misirdə reallaşdırdığı beynəlxalq layihələr müzakirə olunub.
Bildirilib ki, Şeyxin himayəsi və Mərkəzin təşkilatçılığı ilə dünyada sülhün, dialoqun, tolerantlığın və müştərək cəmiyyətlərin bərqərar olması istiqamətində yeni layihələrin həyata keçirilməsi, Əl-Əzhər Universitetində Nizami Gəncəviyə həsr olunmuş nəşrlərin toplanması nəzərdə tutulub.
Həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən hazırlanmış və Nizaminin 880 illiyinə həsr edilmiş “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Şeyxə təqdim edilib. Eyni zamanda, Şeyx Əhməd Əl-Tayyib X Qlobal Bakı Forumuna dəvət olunub.
Sonda Şeyx Əhməd Əl-Tayyib tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə medal təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts