NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıqla bağlı müzakirələr aparılıb

Tokio, 1 Oktyabr, /AJMEDIA/

Oktyabrın 27-29-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, üç gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İnstitutun Elmi şurasının iclasında bu qurumun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov NATO-nun dəstəyi ilə keçiriləcək “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransına hazırlıq üzrə tədbirlər planını təqdim edib.

Beynəlxalq konfransa hazırlıq vəziyyətindən söz açan məruzəçi hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələri barədə məlumat verib. Konfransın onlayn açılışı ilə bağlı ssenari, dəvət olunacaq əsas qonaqların və məruzəçilərin siyahıları təqdim edib.

R.Ələkbərov konfrans ərzində və konfransdan sonra həyata keçirilməsi zəruri olan tədbirlər haqqında da məlumat verib. Konfransa institut əməkdaşları tərəfindən təqdim olunacaq məqalələrin hazırlanması, ilkin proqram, tədbirin materiallarının “NATO Science Series”də nəşrinin təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələri ilə işin təşkili istiqamətində görülən işləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransın rəhbərlik etdiyi institutun uzun illər ərzində formalaşdırdığı beynəlxalq əməkdaşlıq, dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eləcə də Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsi ilə mövcud olan elmi əlaqələrin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Akademikin fikrincə, ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsi NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisidir. Akademik rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini belə bir nüfuzlu konfransda fəal iştirak etməyə, tədbirin mövzusuna uyğun olaraq, prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlara dair məruzələr təqdim etməyə çağırıb.

Çıxışının sonunda AMEA-nın vitse-prezidenti “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə edib, məsul şəxslərə bir sıra tapşırıqlar verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts