Müxtəlif qitələrdən olan diplomatlar Azərbaycanın məcburi köçkünlərlə bağlı dövlət siyasəti barədə məlumatlandırılıb

Tokio, 7 Noyabr, /AJMEDIA/

ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən “Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə” mövzusunda onlayn formatda kurs təşkil edilib.
Bu barədə AJMEDIA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədrinin müavini Fuad Hüseynov kursda iştirak edən Avropa, Asiya, Şimali və Cənubi Amerika, Afrikadan olan 30-dan çox dövlət qulluqçusu, orta və yüksəkrütbəli diplomat və beyin mərkəzlərinin mütəxəssisləri üçün “Uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə oxuyub.
Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı deportasiya və işğalçılıq siyasəti, bunun nəticəsində yurd-yuvasını tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlər haqqında məlumat verib. Bildirib ki, tarixi yurd yerlərini tərk etməyə məcbur olmuş 1 milyondan çox insan respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Köçkünlüyün ilk illərində onlar yeraltı qazmalar, çadır düşərgələri, zirzəmi, yataqxana və digər bu kimi obyektlərdə çətin şəraitdə yaşamağa məcbur olub. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilərək davam edir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərə daim diqqət və qayğı göstərib.
Diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın işğal altında saxlanılan ərazilər tam dağıdılıb, tarixi, mədəni abidələr, qəbiristanlıqları məhv edib. Vətən müharibəsi nəticəsində qazanılmış qələbə nəticəsində məcburi köçkünlər ata-baba yurdlarına qayıtmaq imkanı qazanıb. Dövlət tərəfindən rabitə və kommunikasiya xətləri qurulur, kommunal xidmətlərdən istifadənin əlçatanlılığı təmin edilir. Ərazilərin minalardan təmizlənməsi həyata keçirilən tədbirlər arasında prioritet təşkil edir. Ermənistan tərəfindən təxminən 30 illik işğalı dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin genişmiqyaslı dağıntılara məruz qalması və bu ərazilərin məqsədyönlü şəkildə minalanması yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.
Dövlət tərəfindən “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyası əsasında məcburi köçkünlərin rahat, müasir standartlara cavab verən mənzillərə köçürülməsi üçün iş görülür. İnsanların təhlükəsiz yaşayışı təmin ediləcək, əvvəllər işğal altında olmuş ərazilər ən abad guşələrə çevriləcək.
Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts