İstanbulda şanlı Zəfərimizin birinci ildönümü və Türkiyənin Respublika Günü münasibətilə tədbir keçirilib

Tokio, 3 Noyabr, /AJMEDIA/

Türkiyənin bir çox bölgələrində olduğu kimi, İstanbulda da Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu çərçivədə İstanbulda şanlı Zəfərimizin birinci ildönümü və Türkiyənin Respublika Günü münasibətilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) tərəfindən təşkil olunub.

Mərasimdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul Sənaye Palatasının sədri Ərdal Bahçıvan, Türkiyə Strateji Araşdrmalar Mərkəzinin rəhbəri (TÜRKSAM) Sinan Oğan, qardaş ölkədə fəaliyyət göstərən həmvətənlərimiz, ictimaiyyət nümayəndələri, konsulluğun və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən TAİB-in rəhbəri Nəslihan Tombul Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri bütün türk dünyasının Qələbəsi olaraq qiymətləndirib. Qeyd edilib ki, daim adları birgə çəkilən Azərbaycanla Türkiyənin vacib tarixi hadisələrinin bir mərasimlə qeyd edilməsi də təsadüfi hal deyil.

Bildirilib ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının, eləcə də Azərbaycan sevdalısı olan bu insanların əsas məqsədi iki qardaş ölkə arasında körpü rolunu oynamaq, sosial, ticarət, mədəniyyət və iqtisadi bağları daha da gücləndirmək, birlik üzvlərinə yeni ticarət imkanları yaratmaq, iki ölkə arasında iş həcmini artırmaqdır.

2020-ci ilin Türkiyə-Azərbaycan münasibətləri baxımından tarixi bir il olduğu, Qarabağın işğaldan azad edilməsi ilə bu münasibətlərin daha yüksək zirvələrə çatdığı xüsusi vurğulanıb.

Çıxışında bütün sahələr üzrə hər gün bir az daha sıxlaşan Azərbaycan-Türkiyə münasibətlərinin bütün qardaş ölkələr üçün nümunə olduğunu vurğulayan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, bu gün qlobal dünyada getdikcə inkişaf edən Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil, eyni zamanda, qardaş ölkənin infrastrukturu başda olmaqla bir sıra sahələrin də inkişafına yönəldilib.

Bunu iki ölkə arasındakı əsrlərə dayanan qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirən diplomat eyni münasibətin Türkiyə tərəfindən də nümayiş etdirildiyini, işğaldan azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işlərində də qardaş Türkiyənin yaxından iştirak etdiyini bildirib.

Qeyd edilib ki, iki qardaş ölkə hər sahədə olduğu kimi, iqtisadi cəhətdən də bir-birini qarşılıqlı investisiyalarla dəstəkləyir. Bakı-Tbilisi-Ceyhan boru kəməri dövlətlərimizin iqtisadiyyatına böyük töhfə verir. Bundan əlavə, neft və təbii qaz sahələrində də görülən işlər, qurulan əməkdaşlıqlar ölkələrimizin birliyinin nəticəsidir.

Azərbaycan ilə Türkiyə arasındaki strateji investisiyaların bundan sonra da əsrlər boyu iki qardaş ölkə xalqlarına xidmət edəcəyini vurğulayan səfir bunun Azərbaycanın ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə xalqının ümummilli lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarlarına əsaslandığını vurğulayıb. Bildirib ki, 2021-ci il iyunun 15-də iki qardaş ölkə arasında imzalanan “Şuşa Bəyannaməsi” də məhz “Bir millət, iki dövlət” şüarının daha da güclənməsinə xidmət edir.

Səfir Türkiyə və Azərbaycan şirkətlərinin qarşılıqlı fəaliyyətini istiqamətləndirmək məqsədilə məlumat bazasının yaradılacağını və TAİB-in bu məlumatların şirkətlərlə paylaşılmasında yaxından iştirak edəcəyini bildirib.

Tədbirdə Şamil Ayrım Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts