Haylar, Hayasa və Armeniya mifi

Tokio, 13 Oktyabr, /AJMEDIA/

Hayasa bölgəsi Anadolunun şimal-şərqində Muradçayın yuxarı hövzəsinə yaxın ərazini əhatə edən kiçik yer olmuşdur. Buranın yerli əhalisi haylar deyil. Haylar bu əraziyə gələnə qədər burada Kür-Araz mədəniyyətinin sakinləri yaşayıb. Bunu arxeoloji dəlillər də təsdiq edir. Həm tarixi dövr baxımından, həm də Kür-Araz mədəniyyətinin artefaktlarının tədqiqi baxımından bu mədəniyyətin əsasən Azərbaycanın elat həyat tərzi keçirən qədim türk boylarına aid olduğunu demək olar.

Bu fikirləri AJMEDIA-ya AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib.

Tarixçi alim vurğulayıb ki, bu mədəniyyətin gəlmə olan qaraçı haylara heç bir aidiyyəti yoxdur. Hind-avropalıların qaraçı qrupuna dravidlər və haylar daxildir. Dravidlər sonradan Hindistanın cənubundan şimal-qərbinə doğru köç etmişlər. Onların çox hissəsi sonradan hindlilərin içərisində əriyib yox olub, qalan hissəsi isə Şri-Lankada qalaraq tamil xalqının formalaşmasında iştirak ediblər. Qaraçı haylar isə eramızdan əvvəl II minilliyin ortalarında Hindistanın şimalından Orta Asiya-Xəzərin şimalı-Qara dəniz yolu ilə Balkanlara köç edərək gəlib Anadolunun şimal-şərqində dağ kahalarında məskunlaşdılar. Bu yerin adı da onların gəlişindən sonra Hayasa adlanıb. Qaraçı hayların arasında ana-oğul, qardaş-bacı nikahı vardı. Onlar qeyd etdiyimiz əraziyə gəldikdən sonra tez-tez Het dövlətinin şimal-qərb sərhədlərinə soxulub, əllərinə keçən hər şeyi yağmalayıb aparırdılar. Buna görə də Het hökmdarı I Suppilulum hayların quldur başçısı ilə danışıq aparmaq qərarına gəlir. Onun eramızdan əvvəl XIV əsrin ortalarına aid kitabəsində bu barədə məlumat verilir. Suppilulumun öz dilindən kitabədə deyilir: “Mən öz qızımı sənin oğluna verirəm, amma o, öz anası və bacısı ilə evlənməsin”. Bu kitabə hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılır. Het kitabələrində lüt-üryan olan və qəbilə halında yaşayan hayların qayalıq ərazilərdə kahalarda yaşaması haqqında məlumat da verilib. Fərat çayının şimalında hayların gizləndikləri kahalar bu günədək gəlib çatıb.

Ramin Əlizadə diqqətə çatdırıb ki, hayların sonradan Ön Asiyanın qədim xalqları olan aramilərlə, aşşurlarla, bu regiona sonradan Şimali Hindistandan köçüb gəlmiş farslarla qaynayıb-qarışması nəticəsində arameylərin adı ilə bağlı olaraq “erməni” etnonimi ortaya çıxıb. Eramızdan əvvəl 522-ci ildə Əhəməni şahı I Daranın Bisütun kitabəsində Armina yer adı məhz aramilərin ölkəsi mənasında işlənib. Haylar Əhəməni dövlətinin süqutundan sonra yunanların Şərqə doğru irəliləməsi nəticəsində gəlib Cənub-Şərqi Anadoluya, Diyarbəkirdən şərqə köçüb və burada, yəni Armina adlı yerdə məskunlaşıblar. Bu ərazinin adı ilk dəfə daha qədim mənbələrdə – eramızdan əvvəl 2450-ci ilə aid Ebla sənədlərində Suriyanın şimalında yaşayan aramilərin adı ilə bağlı olaraq Arme kimi çəkilib. Eramızdan əvvəl VIII əsrin ortalarında Urartu hökmdarı II Sardurinin kitabəsində Şimali Suriyaya hücumu zamanı yenə burada aramilərin ölkəsi olan Armenin adı çəkilib. Tanınmış şərqşünas və tarixçi İqor Dyakonov Arme ölkəsinin ermənilərə heç bir aidiyyətinin olmadığını, bu toponimin aramilərin adı ilə bağlı olaraq meydana gəldiyini qeyd edib.

“Mənbələr və bu istiqamətdə aparılan araşdırmalar da sübut edir ki, Arme, Armina və Armeniya adlarının haylara heç bir aidiyyəti yoxdur. Hayların Qafqazın yerli xalqı olduğunu isə heç bir mənbə sübut etmir. Əksinə, onların Qafqaza gəlmə olduğunu sübut edən yüzlərlə etibarlı mənbə və dəlillər mövcuddur”, – deyə tarixçi alim Ramin Əlizadə bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts