Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Tokio, 8 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri və sənət adamları iştirak ediblər.

Əvvəlcə Abbas Zamanovun və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib.

Tədbiri açan Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov qonaqları salamlayıb. Sonra Səməd Vəkilovun Abbas Zamanov haqqında yazdığı “Vətən fəadaisi” məqaləsi əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Abbas Zamanov 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Şura hökumətinin qadağaları vaxtı xeyirxahları onu repressiyalardan, təqiblərdən qorumaq üçün ad və soyadındakı Mir Seyid sözlərini ixtisar ediblər. Professorun uşaqlıq və gənclik illərinin çox keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi yaddaşlarda kristallaşıb.

Abbas Zamanovun həyatına həsr olunmuş videçarxla tanışlıqdan sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyev Azərbaycan ziyalılarının himayəçisi Heydər Əliyev Abbas Zamanov münasibətləri kontekstində” adlı məruzəsi dinlənilib.

O, öz nitqində bildirib ki, mən bu gün burda iştirak etməyi ən çox mənəvi borcum kimi bildim. Çünki Abbas Zamanov bizim ailə dostumuz idi. O, mənim babamla çox yaxın idi. Və bu gün burada olmağı həm bir siyasi xadim kimi, həm də ailə dostu olaraq mənəviyyat borcu bildim. Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli Abbas Zamanovun necə dostcanlı olmasından danışıb. Onun az danışan, çox iş görən, qəti mövqedə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı olduğunu qeyd edib. AMEA prezidenti, akademik İsa Həbibbəyli Abbas Zamanovun vətəndaş, alim sözünün tam haqqını verdiyini vurğulayıb: “Abbas bəy o dövrkü Sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarlnın yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq Universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməyi o zamankı dövrün bir əfsanəsi hesab olunurdu. Ulu Öndərin 100 illiyinə həsr edilmiş ildə Abbas Zamanovu yad etmək qürurvericidir”.

Sonra isə söz Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrindən, İsa Həbibbəyli və Abbas Zamanovun daim birlikdə olduqlarından, isti münasibətlərindən, birgə fəaliyyətlərindən danışıb. Qəzənfər Paşayev kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib. O, Abbas müəllimlə birlikdə olduğu məclislərdən, onun necə alicənab şəxsiyyət olduğundan və onun iştirak etdiyi məclislərin aliliyindən bəhs eləyib. Qeyd edib ki, əgər vətənpərvərlik bizlərdə varsa, burada Abbas Zamanovun böyük rolu var.

Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı Abbas Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Onun Fransaya səfəri zamanı göstərdiyi şücaətin tam bir cəsarət nümunəsi olduğunu bildirib. Millət vəkili müasir zamanda belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə və tələbə gənclərin bu cür tədbirlərə cəlb edilməsinə böyük ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ziyalılarımızın daim yad edilməsinin, onların xatirələrinin uca tutulmasının gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağın yaradılmasında böyük rolu var.

Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev böyük alimin simasında Azərbaycanın elm xadimləri ilə bağlı belə tədbirlərin davamlı olmasının zəruriliyini qeyd edib.

Çıxış edən yazıçı Səfər Alışarlı professor Abbas Zamanovun həyatı, yorulmaz, fədakar elmi və ictimai fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda əsrlərlə apardığı milli mübarizənin parlaq səhifələrindən danışıb.

Tənqidçi alim Qurban Bayramov gənclik illərində elmi araşdırmalarından, Xalq şairi Səməd Vurğunla bağlı yazılarına görə təqiblərə məruz qaldığı vaxtlarda Abbas Zamanovun haqqın müdafiəsinə necə cəsarətlə qalxmasından danışıb. Səməd Vəkilova bu uzun illər yaddaqalacaq tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. Q.Bayramov Səməd Vurğun yaradıcılığına həsr olunmuş kitabları hüquqşünas Səməd Vəkilova hədiyyə edib.

Sonra pedaqoq, tədqiqatçı Musa Şirəliyev də öz xatirələrini paylaşıb.

Sonda Səməd Vəkilov tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək yekun sözü Abbas Zamanovun qardaşı oğlu Mirmusa Seyidova verib. O, əmisinin xatirəsini əziz tutanlara, görüşün təşkilatçılarına təşəkkür edərək, bu görüşü heç zaman unutmayacağını bildirib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts