Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib

Tokio, 25 mart , /AJMEDIA/

Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib.

AJMEDIA xəbər verir ki, bu barədə “China Media Group” korporasiyasının azərbaycandilli CGTN kanalına açıqlamasında “Masdar Azerbaijan”ın direktoru Murad Sadıqov bildirib.

“Söhbət Qaradağ günəş elektrik stansiyasından gedir. Onun təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib. Bu strateji obyekt Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən reallaşdırılıb. Stansiyanın gücü 230 MVt-dır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Azərbaycana xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

Bu layihə üçün panelləri Çinin “Longi” şirkəti tədarük edib. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərini 80 faiz azaldıb və bu enerji növünü milyonlarla insan üçün əlçatan edib”, – deyə M.Sadıqov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts