Cıdır mövsümünün açılışı olub

Tokio, 6 may , /AJMEDIA/

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 2023-cü ilin Cıdır mövsümünün açılışı olub.
Federasiyanın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, mayın 6-da başlayan mövsüm noyabradək davam edəcək. Ümumilikdə 14 Cıdır günü ərzində 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında keçiriləcək 41 qaçışın ümumi mükafat fondu 100 min manat təşkil edir.
Mövsüm ərzində hər 3 cins üzrə 100-dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaq.
Mövsümün ilk günündə 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 3 yaş və yuxarı İngilis atları 1400 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1400 metr məsafədə güclərini sınayıb.
Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda 1000 metr məsafədə birinci yeri “Barbara” ləqəbli at qazanıb. İkinci cıdırda 1400 metr məsafəyə yarışda “Nazlıcan” ləqəbli at və üçüncü cıdırda Qarabağ və Dilbaz atlarının 1400 metr məsafəyə yarışında isə “Bar Bar” ləqəbli at qalib gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts