Cahit Bağçı: Azərbaycanın yerləşdiyi coğrafiyada tarixi İpək Yolu yenidən canlanacaq

Tokio, 22 yanvar, /AJMEDIA/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “CEO Lunch”da iştirak edib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Fəxri qonaq qismində iştirak edən səfir Cahit Bağçı çıxışında Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünün qeyd edildiyini, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişaf edib dərinləşdiyini, bu gün keçmişdəki çatışmazlıqları aradan qaldırmış, öz hərbi gəmisini, hərbi təyyarəsini və peykini istehsal edən Türkiyənin olduğunu bildirib.

O, Azərbaycanın müstəqilliyini yenidən qazandığı dövrdə ərazilərinin işğal edilməsini, işğaldan keçən 30 ilin ağrı-acısını, hüzn və kədərini 44 günlük Vətən müharibəsi ilə Zəfərə çevirdiyini qeyd edib, diqqətə çatdırıb ki, artıq regionda oyun quran, qurulan oyunları pozan Türkiyə və Azərbaycandan bəhs edilməlidir.

Səfir Bağçı çıxışına davam edərək Türkiyə və Azərbaycanın Avropanın təhlükəsizliyi baxımından mühüm iki ölkə olduğunu, bütün ölkələrlə dialoq və əməkdaşlıq kanallarını açıq saxlamağın, diplomatiyanın, regionda münaqişə və gərginliyin azaldılmasının tərəfdarı olduqlarını ifadə edib. Qərbin istehsal bazası axtarışlarının ən cəlbedici nöqtələri olan Türkiyə və Azərbaycanın yerləşdiyi coğrafiyada tarixi İpək Yolunun yenidən canlanacağını vurğulayıb.

“Türkiyənin Asiyadakı mövcudluğunu daha da artırmaq istiqamətində işlər sürətlənib. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini də xüsusi qeyd etsək, bu təşkilata üzv ölkələrin əhalisinin ümumi sayı 175 milyona çatıb, ümumilikdə, ÜDM təxminən 1,4 trilyon ABŞ dollarıdır, tarixi İpək Yolunun keçdiyi ərazidə yerləşir. Ticarət sahəsindəki tarixi təcrübələri ilə imkan, potensial, sərmayə və insan resurslarını bir araya gətirmək qabiliyyətləri daha da böyüyüb güclənə bilər. Türk Dövlətləri Təşkilatının da olduğu Asiyanın nəhəng iqtisadi və ticarət imkanları dünyanın diqqətini cəlb edib”, – deyə səfir əlavə edib.

Cahit Bağçı çıxışının sonunda qlobal miqyaslı firmaların istehsal xətlərini Çindən başqa ölkələrə çatdırma plan və strategiyalarının Orta Asiyaya böyük imkanlar yaradacağını, yaxın gələcəkdə bu coğrafiyada daha çox sərmayə, istehsal, enerji, logistika, maliyyə, ixtisaslı işçi, məlumat istehsalı (ARGE, patent, proqram, əqli mülkiyyət, süni intellekt) beynəlxalq ticarət hüququ kimi mövzulardan bəhs ediləcəyini bildirib.

Daha sonra səfir “CEO Lunch” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb və yeni üzvlərə üzvlük sertifikatı təqdim edib.

“CEO Lunch”da, həmçinin Milli Məclisin deputatı Rüfət Quliyev iştirak edib. Qonaqları salamlayan Rüfət Quliyev “Sahibkarların hüquqi və iqtisadi maarifləndirilməsi cəmiyyəti” İctimai Birliyi (İB) haqqında klub üzvlərinə geniş məlumat verib və bildirib ki, İctimai Birliyin əsas məqsədi kiçik və orta biznesin inkişafı üçün əlverişli və saf mühitin yaranmasını stimullaşdırmaq, xarici və yerli sahibkarların rifahına töhfə verməkdir.

“CEO Lunch” çərçivəsində “Caspian Energy Club” və “Sahibkarların hüquqi və iqtisadi maarifləndirilməsi cəmiyyəti” İB arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında memorandum imzalanıb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə səfir Cahit Bağçıya təşəkkür edib.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts