Cənubi Koreya və Yaponiya liderləri Pxenyanın raket təhdidini müzakirə edəcək

Tokio, 6 oktyabr , /AJMEDIA/

Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyanın son günlər intensivləşən raket buraxılışının yaratdığı təhdidləri müzakirə edəcək.
AJMEDIA “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol jurnalistlərə açıqlama verib. O, Yaponiya Baş naziri ilə telefon danışığı zamanı Pxenyanın ballistik raket sınaqlarının, xüsusən də Yaponiya üzərindən uçub keçən ortamənzilli ballistik raket sınağının təhlükəsizlik məsələlərinin müzakirəsini vacibləşdirdiyini deyib.
Liderlərin Şimali Koreyanın təxribatlarına qarşı iki ölkənin mübarizə tədbirlərini əlaqələndirməsi, habelə müttəfiq ABŞ ilə birgə üçtərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəkləri güman olunur. Tərəflər Şimali Koreyanın nüvə-raket təhdidlərini, o cümlədən Pxenyanın mümkün 7-ci nüvə silahı sınağı məsələsini ötən ay BMT Baş Assambleyasının sessiyası zamanı Nyu-Yorkda görüşərək müzakirə etmişdilər.
Qeyd edək ki, KXDR oktyabrın 6-da şərq istiqamətində daha 2 qısamənzilli ballistik raket buraxıb. Bu, Şimali Koreyanın sentyabrın son günlərindən bəri 6-ci raket buraxılışıdır. Pxenyanın oktyabrın 4-də buraxdığı ortamənzilli ballistik raket isə təxminən 1000 kilometr hündürlüyə qalxaraq, Yaponiyanın şimalındakı Aomori prefekturası üzərindən keçməklə 4600 kilometr məsafə qət etdikdən sonra Sakit okeana düşüb. Həmin raket sınağından sonra, habelə Şimali Koreyanın yaxın vaxtlarda nüvə silahı sınağı keçirmək ehtimalı nəzərə alınaraq, Yaponiyada və Cənubi Koreyada təhlükəsizlik tədbirləri gücləndirilib.
Şimali Koreyanın son raket sınaqları Cənubi Koreya, ABŞ və Yaponiya hərbçilərinin Şərq (Yapon) dənizində birgə təlimləri dövrünə təsadüf edir. Sualtı qayıqlara qarşı əməliyyatları əhatə edən üçtərəfli təlim 3 ölkənin son 5 ildə ilk dəfə birgə keçirdiyi dəniz təlimi olub. Təlimlərə hər üç ölkənin döyüş gəmiləri, o cümlədən ABŞ-ın “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi, Cənubi Koreyanın “Böyük Munmu” və Yaponiyanın “Asahi” esminesləri də cəlb olunub. Təlimlər başa çatandan sonra “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi bölgəni tərk etsə də, Şimali Koreyanın ortamənzilli raket buraxılışından sonra yaranan gərginlik fonunda onun geri qayıdacağına dair məlumat yayılıb. Rəsmi Pxenyan isə nüvə başlıqlı raketlərin də olduğu “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisinin Şərq dənizinə geri qayıtmaq qərarını pisləyib və ABŞ-ın Koreya yarımadasında vəziyyətin sabitliyinə ciddi təhdid yaratmaqda günahlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts