Bağdad Amreyev: Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə birliyimiz daha da gücləndi

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Oktyabrın 3-ü Türkdilli ölkələr arasında əməkdaşlığı təsis edən Naxçıvan Sazişinin imzalanmasının 12-ci ildönümüdür. Əsrlər boyu davam edən qardaşlıq əlaqələrinin möhkəm tərəfdaşlığa çevrilməsini təmin edən bu tarixi gün hər il oktyabrın 3-də “Türkdilli Ölkələrin Əməkdaşlığı Günü” olaraq qeyd olunur. Üzv dövlətlərimiz ortaq evləri olan Türk Şurasının qısa müddət ərzində bölgədə və kənarda hörmətli, nüfuzlu bir qurum halına gəlməsi, əldə etdiyi uğurları və göstərdiyi səyləri ilə fəxr edir. Bütün çətinliklərə baxmayaraq, 2020-2021-ci illəri əhatə edən dövr türk dünyası üçün zəfər dövrü oldu. Bu dövr ərzində başda Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyinin və ərazi bütövlüyünün yenidən bərpa olunması kimi əldə edilən çox əhəmiyyətli nailiyyətlərlə birliyimiz daha da gücləndi. 44 gün davam edən Vətən müharibəsi zamanında Türk Şurası bütün üzv ölkələr adından Azərbaycanın haqlı davasını ən güclü şəkildə dəstəklədi və əldə edilən Zəfər bütün dövlətlərimiz üçün qürur mənbəyinə çevrildi.

AJMEDIA xəbər verir ki, bu fikirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevin “Türkdilli Ölkələrin Əməkdaşlığı Günü” münasibətilə yayımlanan təbrik mesajında ifadə edilir.

Mesajda deyilir: “Həmçinin bu il onlayn olaraq keçirilən qeyri-rəsmi Türküstan Zirvəsində liderlərimiz bir araya gələrək minillik sivilizasiyaların kəsişməsində bir mədəniyyət və mənəvi mərkəz olan Türküstan şəhərini türk dünyasının mənəvi paytaxtı elan etdilər. Liderlərimiz, bu Zirvə zamanı təşkilatın hazırkı işlərini, planlarını və layihələrini, gələcək perspektivlərini və məqsədlərini müzakirə etdilər və qiymətləndirdilər. Dövlət başçılarımızın Türküstan Zirvəsində verdiyi ən diqqət çəkən mesaj Şuramızın bayrağını öz ölkələrinin bayraqlarının yanına qoyaraq çəkdikləri birlik və həmrəylik rəsmi idi. Bu, təşkilatın səylərinə ən yüksək səviyyədə bağlılığın bariz təzahürüdür. Bildirmək istərdim ki, qardaş Türkmənistanın Türk Şurasında gözlənilən iştirakı gündəmimizi xeyli zənginləşdirəcək, gücləndirəcək və təşkilatımız daxilində əməkdaşlığa yeni təkan verəcək.

İş baxımından Türk Şurası son bir neçə ildə ən məhsuldar və aktiv dövrünü yaşayır. Bu il iqtisadiyyatdan nəqliyyata, sağlamlıqdan təhsilə, gənclikdən və idmandan turizmə qədər 20-dən çox əməkdaşlıq sahəsində konkret və məhsuldar işlər görmüşük. Bütün bu sahələri əhatə edən nazirlik və mütəxəssis görüşlərinə əlavə olaraq, müxtəlif mövzularda forumlar, yüksək səviyyəli konfranslar, sektoral seminarlar, təlimlər və potensialın artırılması proqramlarını təşkil etməyə davam etdik. İqtisadi əməkdaşlıq sahəsindəki sıx səylərimiz, ölkələrimizin kiçik və orta sahibkarlıqlarını (KOBİ) dəstəkləməyi hədəfləyən Türk İnvestisiya Fondunun çox tezliklə həyata keçirilməsi ilə öz bəhrəsini verəcək.

Digər tərəfdən, çətin şərtlərə ən yaxşı şəkildə uyğunlaşaraq təşkilat daxilində sağlamlıq sahəsində bir çox konkret işlər apardıq: Layihələr hazırladıq, əməkdaşlıq mexanizmləri qurduq, Dünya Sağlamlıq Təşkilatı ilə əməkdaşlığa başladıq, bütün sahələrdə pandemiyadan sonrakı dövrü planlarımıza daxil etdik və kənd təsərrüfatı, su və miqrasiya kimi yeni əməkdaşlıq sahələri üzərində işləmək üçün hərəkətə keçdik. Xüsusilə vurğulamaq istərdim ki, ölkələrimiz bu çətin dövrdə bir-birilərinə böyük texniki və humanitar yardımlar göstərir və epidemiya ilə mübarizədə ən yaxşı təcrübələri daim bölüşürlər.

Bütün bu fəaliyyətləri təqdim etmək üçün önümüzdəki ilin noyabr ayında İstanbulda təşkilatımız və bütün türk dünyası üçün həyati əhəmiyyətli bir çox qərarın alınacağı tarixi Lider Zirvəsi keçirəcəyik. Sağlam addımlarla gələcəyə doğru irəlilədikcə, həmrəyliyimizə həsr olunmuş bu vacib gündə məsuliyyətlərimizi ən güclü şəkildə hiss edirik. “Türk Dünyası 2040 Vizyonu”na daxil edilən yeni hədəflər və təşəbbüslərlə türk dövlətləri arasındakı əlaqələr daha sıx əməkdaşlıq və daha dərin inteqrasiya mərhələsinə qədəm qoyur.

Bu il, eyni zamanda, dörd üzv dövlətimizin müstəqilliyinin 30-cu ildönümünü qeyd edirik. Türk Şurası olaraq üzv dövlətlərimizin iqtisadi, sosial və siyasi sahələrdə əldə etdiyi uğurlar və tərəqqi ilə hər zaman qürur duyduğumuzu və ortaq məqsədlər naminə qətiyyətlə çalışacağımızı bildirmək istərdim.

Bu duyğu və düşüncələrlə, təşkilatımızın fəaliyyətinə davamlı dəstək və kömək etdikləri üçün üzv dövlətlərimizin dövlət başçılarına, nazirliklərə, ictimai qurumlara, iş dünyasının nümayəndələrinə və QHT-lərə dərin minnətdarlığımızı bildiririk. Sülh, birlik və həmrəylik diləklərimizlə, dünyanın bütün türk xalqlarının 3 oktyabr bayramını səmimi qəlbdən təbrik edirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts