Azərbaycanın Zəfər təntənəsi

Tokio, 7 Noyabr, /AJMEDIA/

2020-ci il noyabrın 8-i Azərbaycan xalqının tarixinə ən müqəddəs günlərdən biri kimi həkk olundu. Otuz ilə yaxın düşmən əsarətində qalan torpaqlarımız dövlət-xalq birliyinin sarsılmaz təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində erməni işğalından azad edildi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə millətin sınmış qürurunu özünə qaytardı, onilliklər ərzində torpaq itkisinin, məğlubiyyətin acısına son qoyuldu, qalib xalq zirvəsinə yüksəldik.
Bunu AJMEDIA-ya açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Kənan Allahverdiyev söyləyib. O vurğulayıb ki, Vətən müharibəsindəki Qələbə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində addım-addım əldə etdiyi uğurların nəticəsi idi. Bu yolda Azərbaycanın çətinlikləri çox olub. Müstəqilliyin ilk illərində daxildə olan iğtişaşlar, xaricdən olan hərbi təcavüz və təzyiqlər şəraitində dövlətimiz böyük çətinliklərdən keçib. Bu təhlükələrin ən böyüyü isə Ermənistanın hərbi təcavüzü, Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yerlərindən qovularaq qaçqın və məcburi köçkünə çevrilməsi idi. Lakin Azərbaycan hərbi təcavüzə məruz qalmasına baxmayaraq, hər zaman sülhü, əmin-amanlığı dəstəkləyən ideyaların carçısı kimi çıxış edib. Ölkəmizin 10 il öncə Qoşulmama Hərəkatına üzv olması hərbi bloklarda iştirak etməyəcəyini əyani nümayiş etdirdi. Bu addım dövlətimizin sülhsevər imicini dünyaya nümayiş etdirdi.
“44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbə bütün sahələrdə görülmüş uğurlu fəaliyyət platformalarının, qazanılmış nailiyyətlərin məntiqi yekunu idi. Bu amillərin cəmi Zəfərimizin kökündə dayanır. Bu amilləri bir-birindən ayırmaq düzgün olmazdı. Azərbaycanın həm müstəqil dövlət kimi formalaşaraq regionun və dünyanın sayılıb-seçilən dövlətinə çevrilməsində, həm də bu yüksəlişin yekunu olaraq torpaqların işğaldan azad edilməsində lider amilini xüsusi vurğulamaq lazımdır. Bu uğurların ən vacib şərti əhalinin vahid amal uğrunda səfərbər edilərək problemlərin həll edilməsi, maneələrin dəf edilməsi, hədəflərə doğru aparılması olub. Qarabağ probleminin bütün tarixinə nəzər salsaq, illər ərzində Azərbaycanın tutduğu mövqedən bir addım belə geri çəkilmədiyinin şahidi oluruq. Biz bu reallığın Vətən müharibəsi dövründə də şahidi olduq. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, uğurlu daxili və xarici siyasəti, diplomatiyası, xalqımizin ölkə rəhbəri ilə birgə həmrəylik nümayiş etdirməsi qələbəni şərtləndirən amillərdən oldu. Azərbaycanın səsi, döyüş meydanında göstərdiyi əzmi vahid iradə kimi ortalığa qoyuldu.
Qeyd edək ki, müharibə təkcə döyüş meydanında getmirdi. Beynəlxalq aləmdə, dünya mətbuatında, informasiya məkanında atılan addımlar döyüş meydanında olan gərginlikdən zəif deyildi. Bu nöqteyi-nəzərdən müharibədə qazanılan Qələbədə Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrinin rolu böyükdür. 44 günlük Vətən müharibəsində şəhidlər verdik. Xalq bu gün şəhidlərin xatirəsini uca tutur, onların qəhrəmanlığını hər an böyük ehtiramla qeyd edir, sağlamlığını itirmiş qazilərin fədakarlığını yüksək qiymətləndirir. Böyük Qələbə – Zəfər Gününü bizlərə bəxş edənlərə borcumuz sonsuzdur, haqları ödənməzdir”,- deyə K.Allahverdiyev fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts