Azərbaycanın 11 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub

Tokio, 19 may , /AJMEDIA/

Mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyəyə ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.
Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın Azərbaycan hökuməti tərəfindən repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts