Azərbaycan məhsulları Dubayda keçirilən beynəlxalq yarmarkada nümayiş olunur

Tokio, 3 Noyabr, /AJMEDIA/

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, artıq 3-cü ildir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarkada bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və sair “Made in Azerbaijan” brendi ilə təqdim edilir.

Dubaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Global Village” yarmarkasında sərgilənən yerli məhsullarla tanış olub.

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Bu il yarmarkaya 5 milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən yarmarkada öz məhsullarını nümayiş etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts