“Arabnews”: Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi regionda dayanıqlı sülhün əsas şərtidir

Tokio, 6 sentyabr , /AJMEDIA/

Səudiyyə Ərəbistanının ingiliscə nəşr olunan “Arabnews” qəzetində Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakışın Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında məqaləsi dərc olunub.
AJMEDIA xəbər verir ki, müəllif ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Laçın dəhlizinə nəzarətin Azərbaycan hakimiyyətinə keçdiyini bəyan etdiyini, strateji əhəmiyyətinə görə bu dəhlizin Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin ilk hədəfi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, bu xəbər Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş ərəfəsində sülh prosesi kontekstində mühüm amil olub. Belə ki, hələ 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda Laçın şəhərinin, kəndlərinin və dəhlizin Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Nəhayət, ermənilər bu öhdəliyi yerinə yetiriblər və bu ərazilər azərbaycanlıların tam nəzarəti altındadır.
Ermənistanın işğalından əvvəl Laçın rayonunda sayı 65 mindən çox olan əhalinin bir nəfərinin belə erməni olmadığını diqqətə çatdıran Y.Yakış qeyd edib ki, Ermənistan Cenevrə Konvensiyasına zidd olaraq bu torpaqlarda Livan və Suriyadan olan erməniləri yerləşdirib. Eyni zamanda, burada məskunlaşanların bəziləri qanunsuz zəbt etdikləri evləri yandırıblar.
Sonda qeyd edilib ki, Ermənistanın bütün öhdəliklərini yerinə yetirməsi regionda dayanıqlı sülhün bərqərar olmasının əsas şərtidir. Bunlardan ən əsası 10 noyabr Bəyannaməsinin 9-cu maddəsində təsbit edilib: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts