AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının açılışı olub

Tokio, 25 aprel , /AJMEDIA/

Aprelin 25-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının açılışı olub.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, çempionat ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Açılış mərasimində çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov sonuncu çempionatın 2019-cu ildə keçirildiyini, pandemiya səbəbindən turnirə 3 il fasilə verildiyini söyləyib. O, çempionata göstərilən marağın bu il də yüksək olduğunu, turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatından 19 komandanın iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, aprelin 25-dən mayın 25-dək keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə ediləcək.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli 3 illik fasilədən sonra başlayan çempionatın əhəmiyyətinə toxunub, idman hadisəsinin akademiyada həyata keçirilən sosial, mədəni, mənəvi tədbirlərin tərkib hissəsi olduğunu bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında koronovirusa qarşı qəbul edilən düzgün qərarlar, ölkə başçısının BMT səviyyəsində COVID-19-a qarşı mübarizəsi, təklifləri respublikamızda virusun yayılmasının qarşısını aldı, itkiləri minimuma endirdi və nəticədə bu gün ölkəmizdə həyat öz axarına dönüb, idman yarışları və digər tədbirlər keçirilir.
Akademik İsa Həbibbəyli gənc alim və mütəxəssisləri futbol çempionatının daim bayram əhval-ruhiyyəsində keçirildiyini, gənclərin oyunlarda öz iradələrini, bacarıqlarını nümayiş etdirdiyini söyləyib və komandalara uğurlar arzulayıb.
Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev isə çempionatın ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilməsini yüksək qiymətləndirib. Akademik uzun fasilədən sonra baş tutan turnirin zehni əməklə məşğul olan gənc alim və mütəxəssislərin idman həyatına və sağlamlıqlarına müsbət təsir göstərəcəyini vurğulayıb.
Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzi və Dendrologiya İnstitutunun komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts