AMEA Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb

Tokio, 8 yanvar, /AJMEDIA/

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün geniş tərkibdə ilk iclası keçirilib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov açaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində 2022-2024-cü illər üzrə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihələrdə gənclərin yaxından iştirakının və bu istiqamətdə yeni layihələrin təqdim edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, təqdim olunacaq layihələr müasir dövrün tələblərinə cavab verməli, yeni təkliflər irəli sürülməlidir.

Rüstəm Rüstəmov Pakistan və Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin perspektivlərindən danışıb, birgə layihələrin icrası və mərkəzlərin yaradılmasının əhəmiyyətindən bəhs edib. O, həmçinin gənclərin müxtəlif beynəlxalq proqramlara dair maarifləndirilməsi üçün treninq və seminarların təşkili məqsədilə işçi qrupunun yaradılmasını təklif edib.

İdarə rəisi gənc alimləri növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin reallaşdırılması ilə bağlı layihələrdə daha fəal iştirak etməyə çağırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev gənclərin AMEA-nın elmi-ictimai fəaliyyətində, gəncliklə bağlı müəyyənləşdirilmiş strategiyanın həyata keçirilməsində mühüm rol oynadıqlarını deyib. O, ölkənin ictimai, sosial və mədəni həyatında fəal rol oynayan gənclərin potensialının inkişaf etdirilməsi istiqamətində akademiyada kompleks tədbirlərin həyata keçirildiyini bildirib, onların daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərdən danışıb.

Şuranın sədr müavini Şəfa Əliyeva yeni layihələrin icrası, gənclərin fəaliyyətinin sosial platformalarda daha fəal təbliği, maarifləndirmə, anım tədbirlərinin təşkili, beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin keçirilməsi, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı təklifləri diqqətə çatdırıb.

İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb. Gənc alimlər müxtəlif tədbir və layihələrin icrası, həmçinin “Şuşa İli” ilə bağlı təkliflərini səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts