Sudanda məcburi köçkünlərin sayı 330 min nəfəri ötüb

Tokio, 2 may , /AJMEDIA/

Sudanda məcburi köçkünlərin sayı 330 min nəfəri ötüb, 100 minə yaxın insan isə ölkəni tərk edib.
AJMEDIA xəbər verir ki, “Associated Press” agentliyi bu barədə Beynəlxalq Miqrasiya Təşkilatına istinadla məlumat yayıb. Təşkilatın məlumatına görə, Sudanda baş verən toqquşmalar səbəbindən 334 min insan evlərini tərk edərək təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb, 100 minə yaxın insan isə qonşu ölkələrə qaçıb.
Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır.
Silahlı toqquşmalar aprelin 15-də başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərin davam etdiyi müddətdə 500-dən çox insan həlak olub, 4,5 min nəfər isə yaralanıb. BMT bu rəqəmlərin daha artıq olduğunu hesab edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts