Tokio, 13 oktyabr, /AJMEDIA/
İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas Qəzza sektorunda atəşkəs elan edilməsi münasibətilə təşkil olunan “sülh sammitində” iştirak etmək üçün Şarm əl-Şeyxə gələcəklər.
AJMEDIA xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
“Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu “sülh sammitində” iştirak edəcəklər. Onların iştirakı Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı möhkəmləndirəcək”, – deyə prezident ofisinin sosial şəbəkədə dərc edilmiş bəyanatda bildirilir.
Binyamin Netanyahu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı onu “sülh sammitində” iştirak edəcəyi barədə məlumatlandırıb.
İsrail mediası da öz növbəsində yazıb ki, Baş nazir ABŞ Prezidenti Donald Trampla birlikdə Şarm əl-Şeyx səfərinə qatıla bilər.
