Tokio, 10 avqust , /AJMEDIA/
Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan “Silk Way West Airlines” hər il milyonlarla ton yük daşıyan, dünyanın ən böyük yük hava limanlarından biri olan Los-Anceles Beynəlxalq Hava Limanına həftəlik marşrut açır.
Los-Ancelesin şəbəkəyə əlavə edilməsi şirkətin müştərilərinin artan ehtiyaclarını ödəyəcək və qlobal ticarəti dəstəkləyəcək. Aviaşirkət bu marşrut üzrə geniş çeşiddə xüsusi, tez xarab olan, böyük ölçülü və e-ticarət mallarını daşıyacaq.
Yeni marşrutla “Silk Way West Airlines” regionda öz təsirini genişləndirir və yeni strateji istiqamət açır. Qeyd edək ki, “Silk Way West Airlines” Çikaqo və Dallasa müntəzəm reyslərdən əlavə, bu ilin aprelində Hyustona uçuşlara başlayıb.
“Silk Way West Airlines” şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas qeyd edib: “Biz Los-Anceles Beynəlxalq Hava Limanının marşrut şəbəkəmizə əlavə edilməsini elan etməkdən məmnunuq. Yeni marşrut ABŞ istiqamətləri üzrə daha qısa tranzit vaxtları təmin etməklə yanaşı, yükdaşıma həcmini artıracaq və Qərb Sahilindəki müştərilərimizə böyük fayda verəcək”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing” 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də beş yeni 777F təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqavilə imzalayıb. Həmçinin 2022-ci il iyunun 28-də “Airbus” ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
“Silk Way West Airlines” şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.