Yapon turist: Bakı məni keçmişlə müasiriliyi özündə sıx vəhdətdə birləşdirən şəhər kimi heyran etdi

Tokio, 8 avqust, /AJMEDIA/

Artıq uzun illərdir ki, Yaponiyadan tanıdığım Dilarə xanım Qazıyeva-Sato ilə bu dəfəki görüşün əsas səbəbkarı doğuşdan yapon uşaq yeməyinə vərdiş etmiş balaca nəvəm Karolina oldu. Yaponiyada dünyaya göz açan Karolina ilk günlərdən həmin yeməklərlə qidalanmışdı. Onun üçün bu uşaq yeməyini Gündoğar ölkədən gətirən Dilarə xanımla isə Tokioda Azərbaycan milli rəqslərinin mahir ifaçısı kimi Yaponiyadakı səfirliymizdə tanış olmuşduq. Həmin vaxt oğulları ilə birlikdə səfirlikdəki tədbirə qatılan Dilarə xanımın ifa etdiyi rəqslər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdı. Onun bu bacarığı sonralar elektronika sahəsində tanınmış alim-mühəndis Xəlil bəy Kələntərlə birlikdə yaratdığımız Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəaliyyətinə və tanınmasına mühüm dəstək göstərmişdi. Belə ki, bizim diaspor təşkilatının Yaponiyanın “Children Meet Countries” qeyri-hökumət təşkilatı ilə birgə Tokio məktəblərində Azərbaycanı təşviqi məqsədilə təşkil etdiyi tədbirlərdə Dilarə xanım həm tək, həm də Qafqaz rəqsələrinin tanınmış ifaçısı yapon Tayqa Nozaki ilə birlikdə çox fəal iştirak edirdi. Bu rəqsələrin ifası zamanı oların istifadə etdiyi milli geyimlərimiz və rəqs elementləri yapon məktəblilər tərəfindən böyük heyranlıqla qarşılanırdı. 2023-cü ildə Yaponiyadan ayrıldıqdan sonra da bu xanımın fəaliyyətini diqqətlə izləyir, onun rəngarəng çıxışlarını həmişə dəstəkləməyə çalışırdım. Bu həm də bizə köhnə dostlar kimi ünsiyyəti davam etdirməyə imkan yaradırdı.

Dilarə xanımla əvvəlcədən razılaşdığımız kimi Xarici İşlər Nazirliyinin qarşısında yerləşən “Çeburaşka” aptekinin yanında görüşdük. 2022-ci il dekabrın 30-da Tokioda təşkil etdiyimiz qala konsertdən sonra ilk dəfə baş tutan görüşə həmişəki kimi gülərüz gəlmişdi və bizi köhnə dostlar kimi çox səmimi və mehribanlıqla qarşıladı. İlkin kef-əhvaldan sonra birlikdə oturub söhbət etməyi təklif etdim və o məmnuniyyətlə razılaşdı. Bildirdi ki, Yaponiyadan onunla birlikdə gəlmiş rəfiqəsi “Nizami Mall”ın ikinci mərtəbəsində yerləşən “Panda” kafesində onu gözləyir. Vaxt itirmədən ora yollandıq. Kafeyə çatdıqda yapon xanım artıq onlar üçün soyuq soklar götürmüşdü. Mən isə adətimizi pozmayaraq isti “Americano” və “Kappuçino”, bunların yanına isə “Napaleon” tortu əlavə etdim. Bildirdim ki, biz yaponlardan fərqli olaraq isti havada isti çaya və kofeyə üstünlük veririk, Yaponiyada isə yay olan kimi su aparatlarında isti çayları belə soyuq içkilərlə əvəz edirlər. Uzun müddət İtaliya və Fransada yaşadığnı xatırladan xanım Rieko Nagase fransızların da yayda isti içkilərə üstünlük verdiyini bildirdi.

Rəfiqəsi Rieko Nagasenin də Şərq rəqsələrinin ifaçısı olduğunu bildirən Dilarə xanım onunla birlikdə bu yaxınlarda öz qruplarını təşkil etdiklərini qeyd etdi. Son zamanlar Tokioda təşkil edilən tədbirlərdə birlikdə Azərbaycan milli rəqəslərini ifa etdiklərini dedi. Əlavə etdi ki, həm Azərbaycanın Yaponiyadakı səfirliyini təşkil etdiyi tədbirlərdə, həm də diasporumuzun görüşlərində tez-tez bizi xatırlayırlar. Bu tədbirlərdə foto çəkdirmək istəyənlər mənim artıq Yaponiyada olmadığımı təəssüflə qeyd edirlər. Əlavə etdi ki, elə bu tədbirlərin təşkili zamanı da yerimiz görünür. Mənim iştirakımla Tokioda təşkil edilən sonuncu qala konserti də xatırladı. Xüsusi vurğuladı ki, bu, Tokioda Azərbaycan mədəniyyətinin təqdimatının çox yüksək səviyyədə təşkil olunduğu ilk möhtəşəm konsert idi.

Söhbətin istiqamətini dəyişərək yapon qonağımızdan Bakı, Azərbaycan haqqında təəsüratlarını bildirməsini xahiş etdim. Xanım Rieko Nagase bildirdi ki, Bakını belə gözəl – həm keçmişi, həm də müasirliyi özündə birləşdirən möhtəşəm bir şəhər kimi təsəvvür etmirdi. Elə ilk baxışdan həm qədim dövrü özündə əks etdirən İçəri şəhər, Qız Qalası, həm də müasirliyi ilə seçilən Alov Qüllələri, Kristal Hall, Bayraq meydanı önda çox böyük təəssürat yaradıb. Məşhur musiqiçi Emin Ağalarovun təşkil etdiyi “Dream Fest – 2025” festivalı və tanınmış ifaçı Justin Timberlakenin konsertlərini isə çox bəyənib.
Ən çox Xalça Muzeyinin onu heyran etdiyini vurğulayan xanım Rieko buradakı xalça toxuyan xanımı diqqətlə izlədiyini, xüsusən iş zaman yaranan səslərin ona sanki musiqi ritmlərini xatırlatdığını söylədi. Hətta həmin prosesi telefonun video yaddaşına yazdığını da bildirdi. Bundan əlavə, İçəri Şəhər, Milli Azərbaycan Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Heydər Məscidi, Müasir İncəsənət Muzeyinin də onda xoş təəsüratlar doğurduğunu dedi. Qeyd etdi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və bərpa işləri aparsa da, digər regionların da inkişafına xüsusi diqqət yetirir. Belə ki, Nabrana səfəri zamanı özü bunun canlı şahidi olub.

Bizimlə tanışlıqdan çox məmnun olduğunu söyləyən yapon qonaq xüsusən Bakının keçmişlə müasiriliyi özündə sıx vəhdətdə birləşdirən şəhər kimi onu heyran etdiyini dedi və gələcəkdə də böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirdi.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts