Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb

Tokio, 7 iyun , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair müzakirələr aparılıb. Kaxovka bəndinin partladılması ilə bağlı heç bir şübhəyə yer qoymayacaq əhatəli təhqiqat aparılmasının önəmini qeyd edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bununla əlaqədar üzərinə düşəni etməyə hazır olduğunu deyib.
Türkiyə Prezidenti taxıl sazişinin qlobal qida böhranının qarşısının alınmasında həyatı rol oynadığını diqqətə çatdırıb, həmçinin Rusiya taxıl və gübrəsinin ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün göstərilən cəhdlərin fayda verdiyini bildirib.
Türkiyənin ədalətli sülhün bərqərar olması istiqamətində səy göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan döyüşlərin sona çatması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.
Xatırladaq ki, bu gün Türkiyə və Ukrayna prezidentləri arasında da telefon danışığı olub. Prezident Rəcəb Tayyib Ərdoğan söhbət əsnasında Kaxovka bəndinin partladılması ilə əlaqədar ukraynalı və rusiyalı ekspertlərin, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin təmsilçilərindən ibarət komissiyanın yaradılmasını təklif edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts