Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda səs verib

Tokio, 28 may , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermədə iştirak edib.
AJMEDIA xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs veriblər.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Türkiyə vətəndaşları hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər.
Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə bilər.
Dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb. Gömrük məntəqələrində isə səsvermə bu gün yerli vaxtla saat 17:00-dək davam edəcək. Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.
Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.
İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts