Milli Məclisin deputatı BƏƏ-nin Federal Milli Şurasında postmünaqişə dövrünün reallıqlarından danışıb

Tokio, 1 aprel , /AJMEDIA/

Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) martın 25-29-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən IX plenar iclası çərçivəsində bir sıra tədbirlər baş tutub. Belə ki, martın 25-də TSBP-nin Beynəlxalq əlaqələr komitəsinin ilk iclası olub.

AJMEDIA xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva da komitə üzvü kimi iclasda iştirak edərək, fikir və düşüncələrini bölüşüb. Dünyada tolerantlıq və sülh dəyərlərinin qorunmasının vacibliyini vurğulayan deputat bu məsələdə TSBP-nin məsuliyyətini xatırladıb, yeni təsis edilmiş komitənin dəqiq fəaliyyət planının hazırlanması istiqamətində təkliflərini səsləndirib.

Martın 27-də isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Federal Milli Şurasında TSBP-nin IX plenar iclası keçirilib. 85 üzv dövlətin parlament nümayəndələrinin təmsil olunduğu sessiyada iştirak edən millət vəkili Könül Nurullayeva, tolerantlıq və sülh dəyərlərinin təbliğinin gücləndirilməsi istiqamətində təkliflərini irəli sürüb. Bu sahədə mövcud olan problemlər ətrafında danışıqların və müzakirələrin təşviqinə yönəlmiş mexanizmdən bəhs edən K.Nurullayeva vurğulayıb ki, tədqiqat mərkəzləri və beynəlxalq platformalar gəncləri münaqişələr haqqında deyil, sülh və tolerantlıq haqqında düşünməyə yönləndirməlidir. Bundan əlavə, ölkəmizin tolerantlıq və sülh məsələlərində sərgilədiyi qətiyyətli mövqedən söhbət açan deputat bildirib ki, Azərbaycan ərazilərinin işğal altında olması 30 ilə yaxın müddət ərzində regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olub. “Lakin 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi ədaləti bərpa edəndən sonra region ölkələrinin və xalqlarının dayanıqlı sülh şəraitində yaşaması üçün imkan yaranıb”, – deyə Könül Nurullayeva bildirib. Sessiya zamanı, həmçinin TSBP ilə Braziliya, Maldiv, Kamboca, Pakistan və Qırğızıstan kimi ölkələrin parlamentləri arasında Anlaşma Memorandumu imzalandı.

Sözügedən ölkələrlə tolerantlıq və sülh məsələləri üzrə parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində razılaşma əldə olunub. Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın prezidenti Ahmed bin Mohamed Alcarvan, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin prezidenti Marqarita Restrepo, Parlamentlərarası Birliyin prezidenti Duarte Paçeko, Ərəb Parlamentinin sədri Adel Əl Əsumi, Ərəb Dövlətləri Liqasının Ərəb Təşkilatları və Birlikləri Departamentinin direktoru Məhəmməd Xabir, Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, BƏƏ Federal Milli Parlamentinin sədri Saqr Qubaş, Madaqaskar Respublikasının keçmiş Prezidenti Heri Rajaonarimampianina, Mozambik Respublikası Assambleyasının sədri Espranca Bias, Seneqal Milli Assambleyasının sədri Mustafa Niasse, Mozambik Milli Assambleyasının sədri Esperanka Bias, Komorlar İttifaqının Milli Assambleyasının sədri Mustadroin Abdu və digər önəmli qonaqlar sessiyanın iştirakçıları arasında olublar.

Martın 28-də isə Milli Məclisin deputatı Könül Nurullayeva Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyanın rəhbərliyi ilə “Dubay ekspo” sərgisində baş tutan Tolerantlıq və Birgəyaşayış Konfransında iştirak edib. Bir sıra yüksək səviyyəli rəsmilər də konfransda məruzəçi qismində çıxış edərək, “Tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində parlamentlərin və qlobal təşkilatların rolu” mövzusunda müzakirələr aparıblar.

Onu da qeyd edək ki, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva konfrans çərçivəsində Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə təmas zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrin genişləndirilməsi perspektivlərinə diqqət çəkib, mövcud münasibətlərdən məmnunluğunu dilə gətirib.

Daha sonra Tolerantlıq və Birgəyaşayış Konfransı çərçivəsində iştirakçı dövlətlərin “Dubay ekspo-2020” sərgisindəki pavilyonlarına ziyarətlər təşkil olunub. Deputat Könül Nurullayeva da öz növbəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkib, burada sərgilənən mədəniyyət və tarix nümunələri ilə yaxından tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts