Tokio, 29 iyun , /AJMEDIA/
Martın ortalarında Tel-Əviv ilə Bakı arasında birbaşa aviareyslərin bərpasından sonra 8 mindən çox israilli Azərbaycana səyahət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz çoxdur.
AJMEDIA xəbər verir ki, bu barədə İsrail mediası bu ölkənin statistik məlumatına istinadla xəbər yayıb.
JNS nəşri yazır ki, ötən il oktyabrın 7-də baş verən hadisələr nəticəsində Bakıya uçuşların dayandırılması öncəsində təxminən 30 min israilli turist Azərbaycana səyahət edib.
Turizm sahəsində Azərbaycanın İsraildəki nümayəndəsi Cəmilə Talıbzadə həmin nəşrə müsahibəsində deyib: “Azərbaycan israillilər üçün təhlükəsiz turizm istiqamətidir”. O əlavə edib ki, hələ qədim vaxtlardan yəhudilər Azərbaycanda sülh, multikulturalizm və tolerantlıq şəraitində yaşayıblar, ölkəmizdə heç vaxt antisemitizm olmayıb.
Məqalədə qeyd olunur ki, hazırda “Azərbaycan Hava Yolları” QSC və İsrailin “İsrair” aviaşirkəti Bakı – Tel-Əviv və Tel-Əviv – Bakı marşrutları üzrə bir neçə birbaşa aviareys həyata keçirir.
Nəşr Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun “X” sosial şəbəkəsindəki səhifəsində yazdığı sözləri sitat gətirir. Diplomat qeyd edir ki, İsraildən Azərbaycana daha çox turisti səbirsizliklə gözləyirlər və Bakıya cəmi üç saata çatmaq olar.
Nəşr qeyd edir ki, bu gün Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri.