Gürcüstanda Müstəqillik Günü qeyd olunub

Tokio, 26 may , /AJMEDIA/

Mayın 26-da Gürcüstanda ilk müstəqil respublikanın qurulmasının 105-ci ildönümü geniş qeyd olunub.
AJMEDIA xəbər verir ki, paytaxt Tbilisi ilə yanaşı, ölkənin bütün bölgələrində Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçirilib. Əsas tədbir paytaxt Tbilisidəki Azadlıq meydanında və mərkəzi Rustaveli prospektində olub. Burada müxtəlif sərgilər, konsert proqramları, əyləncəli oyunlar, teatr tamaşaları təşkil edilib.
Azadlıq meydanında keçirilən rəsmi tədbirdə müxtəlif ölkələrdən qonaqlar, eləcə də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, səfir Faiq Quliyev və Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze, parlamentin sədri Şalva Papuaşvili və başqaları çıxışlarında gürcü xalqını bayram münasibətilə təbrik ediblər. Çıxışlarda Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığı yüksək qiymətləndirilib. Azərbaycanın müdafiə nazirinin bu tədbirdə iştirakı ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndirilib.
Sonra hərbi çağırışçıların andiçmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun hərbi orkestri maraqlı konsert proqramı ilə çıxış edib. Orkestrin “Mehtər”, “Azərbaycan”, “Əsgər marşı”, “Azərbaycan əsgəri” və digər ifaları alqışlarla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts